Azərbaycan ​Prezidenti Şamil Fətullayevin vəfatı ilə əlaqədar nekroloq imzalayıb

Azərbaycan ​Prezidenti Şamil Fətullayevin vəfatı ilə əlaqədar nekroloq imzalayıb Görkəmli alim, təvazökar və səmimi insan Şamil Seyfulla oğlu Fətullayevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır
Elm və təhsil
10 Mart , 2015 19:16
Azərbaycan ​Prezidenti Şamil Fətullayevin vəfatı ilə əlaqədar nekroloq imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev, dövlət rəsmiləri və ictimai xadimlər respublikanın əməkdar memarı Şamil Seyfulla oğlu Fətullayevin vəfatı ilə bağlı nekroloq imzalayıb. “Report”un xəbərinə görə, nekroloqda deyilir:

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib. Görkəmli memarlıq tarixçisi, dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, memarlıq doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, respublikanın əməkdar memarı Şamil Seyfulla oğlu Fətullayev 2015-ci il martın 10-da ömrünün 87-ci ilində vəfat edib.

Şamil Fətullayev 1928-ci il dekabr ayının 24-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsində ali təhsil alıb, 1956–1959-cu illərdə isə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda aspiranturada oxuyub.

Əmək fəaliyyətinə 1954-cü ildə Bakı Dövlət Layihə İnstitutunda başlayan Şamil Fətullayev 1956-cı ildən etibarən taleyini Azərbaycan Elmlər Akademiyası ilə bağlayıb, burada aspirantura təhsilini başa vurduqdan sonra 1988-ci ilədək Memarlıq və İncəsənət İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və laboratoriya müdiri, 1988-1993-cü illərdə isə direktor vəzifələrində çalışıb. O, 1993-cü ildən ömrünün sonunadək həmin İnstitutda memarlıq, şəhərsalma tarixi və nəzəriyyəsi şöbəsinin müdiri olub.

Şamil Fətullayev 1963-cü ildə namizədlik, 1979-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1990-cı ildə professor elmi adını alıb. O, 1989-cu ildə memarlıq ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

Akademik Şamil Fətullayev Azərbaycanda memarlıq tarixi və nəzəriyyəsi, eləcə də milli memarlıq abidələrinin bərpası sahəsində mühüm xidmətlər göstərmiş görkəmli elm xadimlərindəndir. Yarım əsrdən artıq bir müddəti əhatə edən elmi fəaliyyəti ərzində o, Azərbaycan memarlıq tarixinin müxtəlif mərhələlərini araşdıraraq milli memarlığın ayrı-ayrı dövrləri ilə bağlı sanballı əsərlər meydana gətirib. Alimin diqqət mərkəzində XIX əsrin sonu – XX əsrin əvvəllərində memarlıq-planlaşdırma quruluşunda ciddi dəyişikliklərin əmələ gəldiyi Azərbaycan şəhərlərinin tədqiqi dayanıb, Bakı şəhərinin memarlıq tarixi isə bir neçə kitabının başlıca mövzusunu təşkil edib. Azərbaycan memarlığı və şəhərsalma tarixinin araşdırılması istiqamətində əldə etdiyi nailiyyətləri ilə alim dövlət qoruğu kimi təsdiq olunmuş neçə-neçə memarlıq abidəsinin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayıb.

Şamil Fətullayev əsas memarlıq üslubları və milli memarlıq ənənələrinə aid 100-dən artıq araşdırmanın və 9 monoqrafiyanın müəllifidir. Alimin “Bakının memarlıq ensiklopediyası” və bir sıra digər fundamental əsərləri xarici dillərə tərcümə edilərək nüfuzlu elm nəşriyyatlarında işıq üzü görüb və elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Mötəbər beynəlxalq simpozium və konfranslarda memarlıq və şəhərsalmanın aktual problemlərinə dair dolğun məruzələri ilə Azərbaycan elmini o, həmişə layiqincə təmsil edib.

Məhsuldar elmi yaradıcılıqla yanaşı, yüksəkixtisaslı kadrların hazırlanması üçün də zəngin bilik və bacarığını əsirgəməyən Şamil Fətullayevin rəhbərliyi altında memarlıq üzrə çox sayda fəlsəfə doktoru və elmlər doktorları yetişdirilib.

Akademik Şamil Fətullayevin çoxillik səmərəli elmi fəaliyyəti yüksək qiymətləndirilib. O, bir çox mükafatlara layiq görülüb, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.

Görkəmli alim, təvazökar və səmimi insan Şamil Seyfulla oğlu Fətullayevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Elçin Əfəndiyev

Hacıbala Abutalıbov

Fatma Abdullazadə

Akif Əlizadə

Əbülfəs Qarayev

Abbas Ələsgərov

Ömər Eldarov

Rasim Əliyev

Elbay Qasımzadə

Gülçöhrə Məmmədova

Ərtəkin Salamzadə

Nazim Hacıbəyov. 

Son xəbərlər

Orphus sistemi