"Sabahın alimləri" V respublika müsabiqəsinə start verilib

"Sabahın alimləri" V respublika müsabiqəsinə start verilib Müsabiqə qaliblərinə pul mükafatı, diplom və medal təqdim olunacaq
Elm və təhsil
11 Fevral , 2016 15:59
Sabahın alimləri V respublika müsabiqəsinə start verilib

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında "Sabahın alimləri" V respublika müsabiqəsinin açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və onların arasından ABŞ-da hər il keçirilən Intel ISEF – Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir

Təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, dünyanın yeni çağırışları və ölkədə yüksək savada malik cəmiyyətin qurulması zərurəti Azərbaycan gəncliyi qarşısında tamamilə yeni tələblər qoyur: "Ölkənin ümumi təhsil müəssisələrində həyata keçirilən islahatların əsas hədəfləri sırasında gənclərdə yetkin düşüncə tərzinin, vətəndaşlıq mövqeyinin formalaşdırılması və onların tədqiqatyönlü fəaliyyətə cəlb edilməsi xüsusi yer tutur".

Gənclər və idman nazirinin müavini İntiqam Babayev, AMEA-nın prezidenti akademik Akif Əlizadə müsabiqənin gənclərin elmə marağının artırılması, onların istedad, bacarıq və potensialının üzə çıxarılması baxımından əhəmiyyətini qeyd ediblər.

Qeyd edək ki, müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsidir.

Müsabiqə üç gün davam edəcək. Müsabiqənin ikinci günündə münsiflər heyəti tərəfindən layihələrin qiymətləndirilməsi aparılacaq, eyni zamanda müsabiqənin Təlim Akademiyası fəaliyyət göstərəcək. Günün sonunda isə ölkənin görkəmli alimləri ilə şagirdlərin görüşü keçiriləcək. Fevralın 13-də isə günün birinci yarısında elan olunacaq “Açıq qapı” saatlarında Bakı şəhərində yerləşən məktəblərin şagirdləri və müəllimləri, eləcə də media nümayəndələri layihələrlə tanış olacaqlar. Günün ikinci yarısında isə qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.

Müsabiqə qaliblərinə təşkilatçılar tərəfindən təsis edilmiş pul mükafatı, diplom və medal təqdim olunacaq. Münsiflər heyəti tərəfindən seçilmiş 3 layihənin müəllifləri cari ilin may ayında ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək Intel ISEF müsabiqəsində iştirak etmək imkanı qazanacaqlar.

Son xəbərlər

Orphus sistemi