Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan Təhsil Nazirliyi 2015-2016-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulu üzrə müsabiqə keçirir. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Müsabiqədə ölkədəki bütün ali təhsil müəssisəsinin bakalavr pilləsində I kursda əyani təhsil alan və orta akademik göstəricisi 61 baldan yüksək olan tələbələr iştirak edə bilər.
Artıq SABAH qruplarında oxumaq istəyən tələbələrin qeydiyyatı başlayıb və martın 15-nə kimi davam edəcək. www.sabah.edu.az saytında yerləşdirilən elektron ərizə formasını doldurmaqla tələbələr müsabiqəyə qoşula bilərlər.
6 ixtisas qrupuna (təbiət, təhsil, iqtisadiyyat, humanitar, texniki, mədəniyyət) daxil olan 64 ixtisas üzrə təşkil olunan müsabiqə 3 mərhələdə aparılacaq. İlkin mərhələdə tələbələrin akademik göstəriciləri qiymətləndiriləcək. Müsabiqənin ikinci mərhələsi olan test imtahanının aprel ayında keçirilməsi nəzərdə tutulub. İmtahan nəticələri elan olunduqdan sonra nəticələri yüksək olan tələbələr müəyyən olunmuş komissiya heyətinin iştirakı ilə müsabiqəyə çağrılacaqlar.