​Rusiyada “Azərbaycanlılar” adlı tarixi-etnoloji kitab nəşr olunacaq

​Rusiyada “Azərbaycanlılar” adlı tarixi-etnoloji kitab nəşr olunacaq Maisə Rəhimova: “Kitab Azərbaycanın tarixi əraziləri və etnoqrafiyasının rusdilli elmi məkanda tanıdılması üçün böyük əhəmiyyətə malikdir”
Elm və təhsil
16 Oktyabr , 2015 17:08
​Rusiyada “Azərbaycanlılar” adlı tarixi-etnoloji kitab nəşr olunacaq

Bakı. 16 oktyabr. REPORT.AZ/ Rusiya Elmlər Akademiyasının Etnologiya və Antropologiya İnstitutunun dünya xalqları barədə “Xalqlar və mədəniyyətlər” çoxcildlik seriyasının nəşri kontekstində rus dilində “Azərbaycanlılar” (“Азербайджанцы”) adlı cildini hazırlayacaq. 

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, institutda kitabın hazırlanma işinin gedişatı müzakirə edilib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova bildirib ki, Rusiya EA-nın Etnologiya və Antropologiya İnstitutu dünya xalqları barədə tarixi-etnoloji cild seriyasının yaradır: “Bu kontekstdə Rusiya Elmlər Akademiyasının Etnologiya və Antropologiya İnstitutu Arxeologiya və Etnoqrafiya İnstitutuna Azərbaycan xalqının tarixi və etnoqrafiyasına aid “Azərbaycanlılar” adlı cildin hazırlanması üçün müraciət edib. Göstərilən cild Azərbaycan xalqının tarixi ərazilərini və etnoqrafiyasını, maddi və mənəvi dəyərlərinin rusdilli elmi məkanda tanıdılması üçün olduqca böyük əhəmiyyətə malikdir. Ona görə də institutun əməkdaşları Azərbaycan xalqının tarixi və etnoqrafiyası barədə onlara tövsiyə edilən bölmələrin yazılmasına və redaktəsinə xüsusi diqqət və məsuliyyətlə yanaşmalıdırlar”.

Mövzu ilə əlaqədar çıxış edən Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, akademik Teymur Bünyadov və İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru Əliağa Məmmədli qeyd edib ki, “Azərbaycanlılar” cildinin strukturu və əsas bölmələri artıq müəyyən edilib və bu bölmələr üzərində iş davam etməkdədir. İnstutun əməkdaşları ilə yanaşı cildin müəyyən bölmələrinin yazılması kimi məsuliyyətli işə digər institut, elm və ali təhsil ocaqlarından mütəxəssislər də cəlb edilib.

Müzakirələr zamanı qeyd edilən cildin hər bir bölməsinin yazılmasına məsul olan İnstitut əməkdaşlarının məlumatları dinlənilib, mövzu üzrə fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Orphus sistemi