Qubada “Region gənclərinin inkişafına dəstək Forumu” keçirilib

Qubada “Region gənclərinin inkişafına dəstək Forumu” keçirilib Forum bundan öncə Mingəçevir, Gəncə və Ağcabədidə təşkil olunub
Elm və təhsil
9 İyun , 2016 15:32
Qubada “Region gənclərinin inkişafına dəstək Forumu” keçirilib

Bakı. 9 iyun. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzinin təşkil etdiyi “Region gənclərinin inkişafına dəstək Forumu”nun növbəti dəfə Quba rayonunda təşkil olunub.

Mərkəzdən "Report"a bildirilib ki, Gənclər Fondunun maliyyələşdirdiyi forum bundan əvvəl Mingəçevir, Gəncə və Ağcabədidə keçirilib. 

Mərkəzin Quba Regional Ofisinin rəhbəri İnqilab Fərzəliyev region gənclərinin yüksək intellektə, bilik və bacarıqlara malik olduğunu qeyd edərək, gənclərlə aparılan işlərin nəticələrini yüksək qiymətləndirib.

Quba rayon İcra Hakimiyyəti başçısının müavini Rəxşəndə Bayramova rayonda gənclər üçün yaradılan şərait barədə məlumat verib, gənclərin rayonun ictimai həyatında yaxından iştirak etdiyini diqqətə çatdırıb. O, keçirilən forumun region gənclərinin problemlərinin araşdırılması, mövcud imkanların dəyərləndirilməsi və görülə biləcək işlərin müzakirə edilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Vüsalə Niftəliyeva çıxış edib. O bildirib ki, Azərbaycan nadir ölkələrdəndir ki, burada Gənclər və İdman Nazirliyi ilə yanaşı Gənclər Fondu da fəaliyyət göstərir: "Dövlət tərəfindən həm gənclər təşkilatlarının, həm də fərdlərin layihələrinə dəstək verilir. Gənclər Fondu fəaliyyət göstərdiyi 4 il ərzində 3226 layihəni maliyyələşdirib ki, bunlardan da 30 faizi gənclər təşkilatlarına, qalan 70 faiz isə fərdi şəxslərə məxsusdur. Region gəncləri fondun bütün müsabiqələrində çoxluq təşkil edir və maraqlı təşəbbüslərlə gəlirlər".

Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev də çıxışında yerli idarələrin gənclər siyasətinin həyata keçirilməsindəki rolu, o cümlədən gənclər üçün mövcud imkanlar barədə Forum iştirakçılarına məlumat verdi. O, rəhbərlik etdiyi qurumun gənclərin təşəbbüslərinə hər zaman açıq olduğunu və əməkdaşlıq yollarını diqqətə çatdırıb. 

Son xəbərlər

Orphus sistemi