Pilot müəssisələrdə təmayül siniflərinin ilkin komplektləşdirilməsi bu ayın sonunadək başa çatdırılacaq

Pilot müəssisələrdə təmayül siniflərinin ilkin komplektləşdirilməsi bu ayın sonunadək başa çatdırılacaq Bununla bağlı təhsil naziri əmr imzalayıb
Elm və təhsil
21 İyun , 2015 07:17
Pilot müəssisələrdə təmayül siniflərinin ilkin komplektləşdirilməsi bu ayın sonunadək başa çatdırılacaq

Bakı. 20 iyun. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin şəbəkəsinin genişləndirilməsi və pilot müəssisələrin 2015-2016-cı dərs ili üçün tədris planlarının təsdiqi haqqında əmr imzalayıb. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Əmrə əsasən, fənn müəllimlərinin rəyi, şagirdlərin fənlər üzrə təlim nailiyyətləri və onların meyil-maraqları, buraxılış imtahanlarının nəticələri, valideynlərin razılığı nəzərə alınmaqla pilot müəssisələrdə təmayül siniflərinin ilkin komplektləşdirilməsini iyun ayının sonunadək başa çatdırılmalıdır.

M.Cabbarovun Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, Sumqayıt, Mingəçevir, Şirvan şəhər təhsil şöbələrinə verdiyi tapşırığa uyğun olaraq, təmayüllər üzrə tədrisi səmərəli təşkil etmək və şagirdlərə keyfiyyətli təhsil verilməsini təmin etmək məqsədilə pilot müəssisələrdə pedaqoji kadr heyətinin gücləndirilməsi istiqamətində lazımi tədbirlər görüləcək.

Pilot məktəblərinin təmayül siniflərini bitirmiş şagirdlərin tam orta təhsil haqqında attestatlarına hər təmayül üzrə təsdiq olunmuş tədris planlarındakı fənlərdən aldıqları yekun qiymətlər yazılacaq. Tədris olunmamış fənlərin qarşısında isə "––" (tire) işarəsi qeyd ediləcək.

Xatırladaq ki, 2015-2016-cı dərs ilindən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin 10-11 siniflərində tədrisin təmayüllər üzrə (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət istiqamətləri üzrə) təşkil olunacaq. Texniki fənlər təmayüllü siniflərdə ümumilikdə 9 fənn- Azərbaycan dili, xarici dil, riyaziyyat, fizika, kimya, ədəbiyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri tədris ediləcək. Tədris rus dilində olan belə siniflərdə isə rus dili ilə yanaşı, Azərbaycan dili də dövlət dili kimi tədris ediləcək. Bunun nəticəsində tədrisi rus dilində olan məktəblərdə şagirdlərə keçiriləcək fənlərin sayı 9 deyil, 10 olacaq.

Qeyd edək ki, bu ildən tədrisin təmayüllülər üzrə təşkil olunacağı siniflərdə tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə 10-dək azaldılıb.

Son xəbərlər

Orphus sistemi