Pakistan prezidentinə BDU-nun fəxri doktoru diplomu təqdim olunub - FOTO

Pakistan prezidentinə BDU-nun fəxri doktoru diplomu təqdim olunub - FOTO Ali qonaq universitetin şərqşünaslıq fakültəsinin urdu ixtisasında təhsil alan tələbələrlə görüşüb
Elm və təhsil
13 Mart , 2015 16:37
Pakistan prezidentinə BDU-nun fəxri doktoru diplomu təqdim olunub - FOTO

Bakı. 13 mart. REPORT.AZ/ Bu gün Bakı Dövlət Universitetində (BDU) Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynə BDU-nun fəxri doktoru adının verilməsi münasibətilə tədbir keçirilib. Bu barədə "Report"a BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib.

Ali qonaq ilk olaraq universitetin şərqşünaslıq fakültəsinin urdu ixtisasında təhsil alan tələbələrlə görüşüb. Sonra o, Heydər Əliyev Muzeyi ilə tanış olub. Tədbir işini universitetin böyük akt zalında davam etdirib.

Universitetin rektoru Abel Məhərrəmov iki dövlət arasındakı diplomatik əlaqələrin tarixinin 1992-ci ilin iyun ayından başladığını, 1993-cü ildə Pakistan İslam Respublikasının Bakıda və 1997-ci ildə Azərbaycan Respublikasının İslamabadda səfirliklərinin açıldığını diqqətə çatdırıb. O deyib ki, Prezident İlham Əliyev Pakistanla Azərbaycan arasında əməkdaşlığın ən müxtəlif sahələri üzrə inkişafını daim diqqət mərkəzində saxlayır.

Eyni zamanda, rektor Abel Məhərrəmov qonağa Bakı Dövlət Universiteti haqqında məlumat verib, 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilən, müsəlman şərqində ilk Avropa tipli ali məktəb kimi cəmi 2 fakültə ilə fəaliyyətə başlayan universitetin hazırda humanitar, fundamental və təbiət elmləri sahələrini əhatə edən 17 fakültəsində 20 minə yaxın tələbənin təhsil aldığını, bu təhsil ocağının respublikada bir çox ali məktəblərin, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasında mühüm rol oynadığını bildirib.

Rektor BDU-da dünyanın 14 qabaqcıl dilinin, o cümlədən urdu dilinin tədris edildiyini bildirib.

Rektor çıxışının sonunda Bakı Dövlət Universiteti Elmi Şurasının Məmnun Hüseynə Bakı Dövlət Universitetinin fəxri doktoru adının verilməsi haqqında qərarını elan edib. Məlum olub ki, ali qonaq "Dünyada sülhün qorunmasında, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində böyük roluna, Azərbaycan-Pakistan respublikaları arasında qardaşlıq münasibətlərinin daha da inkişafında əvəzsiz xidmətlərinə, elm və təhsilin tərəqqisinə verdiyi dəstəyə görə" BDU-nun fəxri doktoru adına layiq görülub. 

Rektor fəxri doktor diplomunu və mantiyanı ali qonağa təqdim edib.

Sonra Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseyn çıxış edərək Bakı Dövlət Universitetinin fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu ifadə edib, Azərbaycan-Pakistan münasibətlərindən danışıb və əlaqələrin hazırkı durumundan razılığını bildirib.

Son xəbərlər

Orphus sistemi