Orta məktəblərdən biri AMEA-nın baza məktəbi kimi fəaliyyət göstərəcək

Orta məktəblərdən biri AMEA-nın baza məktəbi kimi fəaliyyət göstərəcək "Ümumtəhsil sistemində bu yeniliyin interaktiv elmi biliklərin tətbiqinə yol açacağına ümid edirik"
Elm və təhsil
19 Dekabr , 2014 14:41
Orta məktəblərdən biri AMEA-nın baza məktəbi kimi fəaliyyət göstərəcək

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan Təhsil Nazirliyinin tabeçiliyində olan tam orta məktəblərindən biri AMEA-nın baza məktəbi kimi fəaliyyət göstərməsi qərara alınıb. "Report" xəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Alimlərinin I Qurultayında çıxışı zamanı deyib. 


Onun sözlərinə görə, həmin məktəbə günün tələblərinə cavab verən yeni modulun və proqramın tətbiqi üçün poliqon kimi baxılmalıdır: "Ümumtəhsil sistemində bu yeniliyin interaktiv elmi biliklərin tətbiqinə yol açacağına ümid edirik".

Nazir qeyd edib ki, elmi potensialın qorunub saxlanması, gənc elmi kadrların hazırlanması qarşıda duran ən vacib məsələlərdəndir və təhsilsiz elm, elmsiz təhsili təsəvvür etmək mümkün deyil.

M.Cabbarov deyib ki, indiyə kimi 3 184 nəfər “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alıb. Proqram çərçivəsində son 2 ildə seçilmiş 572 tələbədən 330 nəfər magistratura, 45 nəfər doktorantura, 65 nəfər dissertantura təhsili qazanıb".

Hazırda, 2016-2020-ci illərdə xaricdə təhsil üzrə dövlət proqramının hazırlanması sahəsində işlər aparıldığını deyən nazir əlavə edib ki, bu layihədə ali təhsil müəssisələri üçün elmi kadrların yetişdirilməsi, ali məktəb müəllimlərinin təcrübə keçmə və ixtisasartırma, professor-müəllim heyətinin mübadiləsinə mühüm yer verilib: "Eyni zamanda əncəbi professor-müəllim heyətinin Azərbaycanın ali mətkəblərində tədris prosesinə cəlb olunması təmin ediləcək. Bu layihənin icrası ali təhsil müəssisələrində kreativ düşüncəli gənc alimləri yetişdirmək mümkün olacaq".

"Son dövrlərdə ali mətkəblərin fəaliyyət istiqamətlərinə aid fundamental və elmi araşdırmaların aparılması obyektiv və subyektiv səbəblərdən ikinci plana keçib. Bir çox ali məktəblərdə elmi yaradıcılıq fəaliyyəti müasir elmin tələblərinə uyğunlaşmır və beynəlxalq reytinqli jurnallarda universitetlərin göstəriciləri arasında elmi nailiyyətlərə az rast gəlinir. Buna görə də elm və tədris, elm və istehsal arasında əlaqə mövcud deyil. Halbuki, elmi və texniki dəstək olmadan nəinki ali təhsildə, digər təhsil pillələrində də davamlı inkişafı təmin etmək mümkün deyil" - deyə, nazir fikirlərinə əlavə edib.

Son xəbərlər

Orphus sistemi