Norveç səfiri Azərbaycan Dillər Universitetinin qonağı olub

Norveç səfiri Azərbaycan Dillər Universitetinin qonağı olub Gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin keçirilməsi, tələbə-müəllim mübadiləsi haqqında fikir mübadiləsi aparılıb
Elm və təhsil
22 Dekabr , 2014 11:39
Norveç səfiri Azərbaycan Dillər Universitetinin qonağı olub

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov Norveç Krallığının Azərbaycandakı səfiri Bord İvar Svendseni qəbul edib.

Bu barədə "Report"a ADU-nun İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Görüşdə S.Seyidov ADU ilə Norveç universitetləri arasında əlaqələrin mövcudluğundan söz açıb. Rəhbərlik etdiyi universitetdə Skandinaviya mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdıran rektor, professor Səməd Seyidov bu mərkəzin ölkələrarası əlaqələrin inkişafına, mədəniyyətlərin öyrənilməsinə xidmət etdiyini vurğulayıb. Səməd Seyidov tələbələrin norveç dilinə olan marağından danışıb və hər il bir qrup tələbənin Norveçin Oslo Universitetinə Yay məktəbinə göndərildiyini sözlərinə əlavə edib.

Bord İvar Svendsen isə öz növbəsində universitetdə olmağından məmnun olduğunu bildirib. Səfir ADU və burada fəaliyyət göstərən Skandinaviya mərkəzi haqqında artıq məlumatının olduğunu qeyd edib. O, universitetdə norveç dilinin tədrisini yüksək qiymətləndirib. Səfir Bord İvar Svendsen ikitərəfli əlaqələrin daha inkişaf edəcəyinə əminliyini ifadə edib. O, norveç dilini öyrənən tələbələrlə tanış olmaq və onlara mühazirə oxumaqdan şad olacağını sözlərinə əlavə edib.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin keçirilməsi, tələbə-müəllim mübadiləsi haqqında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra səfir Bord İvar Svendsen Skandinaviya mərkəzində olub və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb.

Son xəbərlər

Orphus sistemi