Nazir: "Növbəti 5 il ərzində orta məktəblərin şagirdlərinin sayı əhəmiyyətli dərəcədə artacaq"

Nazir: "Növbəti 5 il ərzində orta məktəblərin şagirdlərinin sayı əhəmiyyətli dərəcədə artacaq" "Bu təhsil sistemindən yeni çağırışlara yeni cavablar tələb edir"
Elm və təhsil
4 İyun , 2015 13:09
Nazir: Növbəti 5 il ərzində orta məktəblərin şagirdlərinin sayı əhəmiyyətli dərəcədə artacaq

Bakı. 4 iyun. REPORT.AZ/ "2015-2016-cı yeni tədris ilində orta ümumtəhsil məktəblərinin 1-ci sinfinə qəbul olunacaq şagirdlərin sayının artacağı gözlənilir". "Report" xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

M.Cabbarov deyib ki, Təhsil Nazirliyinin orta müddətli proqnozlarına görə, növbəti 5 il ərzində orta məktəblərin şagirdlərinin sayı əhəmiyyətli dərəcədə artacaq: "Bu da təbii olaraq, təhsil sistemindən yeni çağırışlara yeni cavablar tələb edir".

Onun sözlərinə görə, son tədris ilində həqiqətən də 6 yaşı tamam olmuş çox sayda uşaq 1-ci sinfə qəbul olunmamışdı: "Ona görə də yaşı 6-dan çox olan uşaqların təhsilə cəlb olunması yerli icra hakimiyyəti orqanlarının diqqət mərkəzindədir. Çünki nümunəvi əsasnaməyə görə, məcburi təhsilə cəlb olunma yerli icra hakimiyyəti orqanlarının əsas vəzifələrindən biridir. Ümid edirəm ki, onlar yerli qurumlar və yerli təhsil şöbələri ilə sıx işləyirlər. Təbii olaraq burada ictimaiyyətin, medianın da rolu çox mühümdür".

Bir çox dövlətlərdə uşaqların təhsilə vaxtında cəlb olunmamasına və təhsildən yayınmaya görə cəzaların nəzərdə tutulduğunu xatırladan nazir qeyd edib ki, bu cəzalar həm inzibati, bəzi ölkələrdə isə cinayət məcəlləsinin müvafiq maddələrinin pozuntusu kimi hesab edilir.

M. Cabbarov hesab edir ki, Azərbaycanda tədbirlər belə formada həyata keçirilməli deyil: "Bu məsələdə inzibati tədbirlərə əl atmaqdansa "şüur"un üzərində çalışmaq lazımdır. Başqa sözlə, təhsilin dəyəri olmalı və ölkəmizin hər bir övladının, vətəndaşının təhsil hüququnun müqəddəs konstutision hüququnun olması, onun gələcəyi üçün təhsilin çox mühüm amil olmasını nəzərə almalıyıq. Bu işi istənilən bir məmurun, dövlət qurumunun işi kimi deyil, ümümmilli iş kimi qəbul etməyimiz daha düzgün olardı".

Son xəbərlər

Orphus sistemi