Nazir müavini: ""Son zəng" tədbirləri yalnız məktəblərin daxilində keçirilməlidir"

Nazir müavini: ""Son zəng" tədbirləri yalnız məktəblərin daxilində keçirilməlidir" "İctimai asayiş və təhlükəsizlik ən yüksək səviyyədə təmin olunub"
Elm və təhsil
29 May , 2015 14:27
Nazir müavini: Son zəng tədbirləri yalnız məktəblərin daxilində keçirilməlidir

Bakı. 29 may. REPORT.AZ/ ""Son zəng" tədbirlərinin keçirilməsini, insan sayının çox olmasını nəzərə alaraq həm Bakı şəhər Baş Polis İdarəsi, həm də Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş iş rejimində işləyirlər. İctimai asayiş və təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təmin olunub". Bunu "Report"a açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

O bildirib ki, gücləndirilmiş iş rejimi və görülən təhlükəsizlik tədbirləri mayın 30-da da davam edəcək. C.Bayramov "Son zəng"lə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məktəblərə tövsiyələr verdiyini açıqlayıb: ""Son zəng" tədbirləri ancaq məktəb daxilində keçiriləcək. Bakı şəhərində 300-dən artıq məktəb var və "Son zəng" günü çox böyük tədbirlər keçirilir".

Nazir müavininin sözlərinə görə, 2014-2015-ci tədris ilində Azərbaycanın ümumtəhsil məktəblərinin XI sinfini 90 mindən çox şagird bitirir: "IX sinfi isə 112 minə yaxın şagird təhsilini başa vurur".

C.Bayramov qeyd edib ki, bu il Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, müavinlər, şöbə rəisləri "Son zəng" tədbirlərində iştirak edirlər: "Bu il qərara aldıq ki, diqqəti daha çox şəhər kənarında yerləşən məktəblərə yönəldək".

O deyib ki, bu ilin mayın 31-i bazar gününə düşdüyü üçün "Son zəng" tədbirləri 2 gün qeyd olunur: "5 günlük məktəblərdə bu gün, iş həftəsi 6 gün olan məktəblərdə isə tədbir mayın 30-da qeyd olunacaq. Sabahkı "Son zəng" tədbirlərində də biz iştirak edəcəyik".

Son xəbərlər

Orphus sistemi