Naxçıvan Dövlət Universitetində beynəlxalq elmi konfrans keçirilib

Naxçıvan Dövlət Universitetində beynəlxalq elmi konfrans keçirilib Tədbirdə Azərbaycan təhsil nazirinin müavini məruzə ilə çıxış edib
Elm və təhsil
18 Dekabr , 2014 13:44
Naxçıvan Dövlət Universitetində beynəlxalq elmi konfrans keçirilib

Bakı. 18 dekabr. REPORT.AZ/ Naxçıvan Dövlət Universitetində “Tədris prosesinin təkmilləşdirilməsi və müasir təhsil konsepsiyaları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Bu barədə “Report”a Azərbaycan Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkil etdiyi konfransın plenar iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov Ali Məclisin sədri adından konfrans iştirakçılarını salamlayıb.

Şöbə müdiri çıxışında bildirib ki, Naxçıvanda təhsilin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Azərbaycan təhsil nazirinin müavini Firudin Qurbanov “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası və təhsil sisteminin qarşısında duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Nazir müavini qeyd edib ki, milli təhsilin insan kapitalına olan tələbatı ödəyəcək və dünya standartlarına cavab verəcək səviyyəyə çatdırılması istiqamətində görülən işlər, Heydər Əliyev Fondu tərəfindən çoxsaylı müasir məktəbəqədər tərbiyə müəssisələri və orta məktəblərin tikilib istifadəyə verilməsi mühüm əhəmiyyətə malikdir.

Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov “Bolonya prosesi: Naxçıvan Dövlət Universiteti qarşısında duran vəzifələr” mövzusunda məruzə edib. O, bildirib ki, universitet Bolonya sisteminin tam tətbiqi, tədrisin kredit sisteminə uyğun qurulması, müəllim-tələbə mobilliyi, elektron təhsil şəbəkəsinin yaradılması istiqamətində işlər aparmaqla yanaşı, Muxtar Respublikada fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin də Bolonya sisteminə keçməsinə dəstək göstərir.

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Oruc Həsənli, İstanbul Əsənyurd Universitetinin əməkdaşı Davud İbrahimoğlu, Bakı Biznes Universitetinin professoru Fərahim Sadıqov məruzələr ediblər.

İkigünlük beynəlxalq elmi konfransda 8 bölmə iclası keçirilib.

Son xəbərlər

Orphus sistemi