Bakı. 20 iyul. REPORT.AZ/ Naxçıvan Dövlət Universiteti 2015-2016-cı tədris ilində 14 ixtisas üzrə əlavə ali təhsil almaq istəyənlər üçün qiyabi şöbəyə tələbə qəbulu elan edib. "Report" xəbər verir ki, tələbə qəbulu elan edilən ixtisaslara riyaziyyat və informatika, riyaziyyat, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, iqtisadiyyat, mühasibat uçotu və audit, beynəlxalq münasibətlər, tarix, Azərbaycan dili və ədəbiyyat, hüquqşünaslıq, xarici dil müəllimliyi (ingilis dili), ibtidai sinif müəllimliyi, musiqişünaslıq, biologiya və kimya müəllimliyi daxildir.
Əvvəlki ali təhsili və ya hazırda (1 ildən az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər müvafiq qaydaya əsasən uyğun ixtisaslar üzrə müsabiqədə iştirak edə bilərlər. Əlavə ali təhsil almaq istəyən şəxslər rektorun adına ərizə, ali təhsil haqqında sənədin (diplomun) və qiymət kitabçasından çıxarışın (diploma əlavə) notariusda təsdiq olunmuş surətləri, 3x4 sm ölçüdə 6 ədəd fotoşəkil, əmək kitabçasının surəti, sağlamlıq haqqında arayış və şəxsiyyət vəsiqəsi və diplomu şəxsən təqdim etməlidirlər.
Sənədlər avqustun 10-dək hər gün (istirahət günlərindən başqa) saat 10.00-dan 16.00-dək Naxçıvan Dövlət Universitetində qəbul edilir.
Universitetə sənəd verən şəxslərlə müəyyən edilən qaydada müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müsabiqə yolu ilə əlavə ali təhsil üzrə tələbələr sırasına qəbul edilirlər. Təhsil haqqı müqavilə əsasında müvafiq ixtisaslar üzrə uyğun qaydada ödənilir.