​Naxçıvan dialektoloji atlası çap olunub

​Naxçıvan dialektoloji atlası çap olunub "Materialları canlı danışıq olaraq da dinləmək mümkündür"
Elm və təhsil
8 İyun , 2015 12:53
​Naxçıvan dialektoloji atlası çap olunub

Bakı. 8 may. REPORT.AZ/ "Naxçıvan dialektoloji atlası çap olunub. Atlas Dil tarixi və dialektologiya şöbəsinin nəzdində yaradılmış dialektoloji atlas qrupunun hazırladığı xəritələr əsasında çap olunub". Bunu "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun dil tarixi və dialektologiya şöbəsinin müdiri Teyyub Quliyev deyib.

O bildirib ki, hazırda institutda ayrı-ayrı bölgələrin atlasları hazırlanır: "Birinci işimiz Naxçıvan şivələrinin atlası idi. Naxçıvana 3 dəfə ekspedisiya təşkil edildi və mütəxəssislər araşdırmalar apardılar. Bundan əvvəl də bizdə müəyyən materiallar var idi. Bu araşdırmalar zamanı həmin məlumatlar həm yeniləndi, həm də daha çox və geniş materiallar əldə olundu".

Şöbə müdiri qeyd edib ki, toplanan materiallar xəritələrə köçürülüb: "Atlasın əsas əhəmiyyəti ondan ibarətdir ki, çoxsaylı elmi məlumatlar burada daha yığcam və əyani formada verilib".

T.Quliyevin sözlərinə görə, atlasda Naxçıvan şivələrinin həm fonetik, həm leksik-sintaktik, həm də morfoloji quruluşu haqqında müfəssəl, dəqiq, düzgün məlumatlar yer alıb: "Atlasda həm də ilk dəfə olaraq mp3 formatında canlı səs yazıları verilib. Burada informasiyanı verən şəxslərin canlı danışıqları var. Materialları canlı danışıq olaraq da dinləmək mümkündür".

Şöbə müdiri atlasın ilkin olaraq 80 tirajla çıxdığını bildirib.

Son xəbərlər

Orphus sistemi