Moskvada "Nə? Harada? Nə zaman?" oyunu üzrə turnir keçirilib

Moskvada "Nə? Harada? Nə zaman?" oyunu üzrə turnir keçirilib Turnir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunub
Elm və təhsil
18 Noyabr , 2015 14:51
Moskvada Nə? Harada? Nə zaman? oyunu üzrə turnir keçirilib

Bakı. 18 noyabr. REPORT.AZ/ Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə ənənəvi turnir təşkil edib. "Report" xəbər verir ki, turnir Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) "Azərbaycan həftəsi" çərçivəsində keçirilib.

Turnirdə Moskvanın və Rusiyanın regionlarının müxtəlif ali məktəblərindən 23 komanda qalib adı uğrunda mübarizə aparıb.

Oyuna tanınmış bilicilər, "Büllur bayquş" mükafatının sahibləri Rövşən Əsgərov və Dmitri Avdeyev aparıcılıq ediblər.

Oyundan əvvəl Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi şöbəsinin əməkdaşı, MDBMİ-nin məzunu Natiq Əliyev çıxış edərək Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətindən söz açıb. Hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan N.Əliyev deyib: "Azərbaycanda idman və mədəniyyət sahələrində islahatlar aparılır, xaricdə təhsil alan azərbaycanlı gənclərə xüsusi diqqət yetirilir". 

Azərbaycan-Rusiya münasibətlərinin inkişafında və möhkəmlənməsində gənclərin rolunu qeyd edən N.Əliyev azərbaycanlı tələbələri rusiyalı yaşıdları ilə birgə layihələrdə daha fəal iştirak etməyə çağırıb.

Prezident Administrasiyasının nümayəndəsi dünyada terrorizm təhlükəsinə, o cümlədən Parisdə törədilmiş dəhşətli terror aktlarına da toxunaraq deyib ki, Azərbaycan terrorizmə və ekstremizmə qarşı mübarizədə fəal iştirak edir.

Sonra N.Əliyev iştirakçı komandaları təqdim edərək bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uzun illərdir "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilir, iştirakçı komandaların sayı durmadan artır. Bu il turnirdə ilk dəfə İjevskdən də komanda iştirak edir.

Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova, Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi əməkdaşı Solmaz Rüstəmova–Tohidi, RAGB-in idarə heyətinin üzvü Emin Hacıyev fəxri qonaqlar arasında olublar.

Bilicilər 28 suala cavab veriblər. "Nə? Harada? Nə zaman?" turnirinin ötən dəfəki qalibi, M.V.Lomonosov adına MDU-nun komandası bu dəfə də ən erudit komanda olub və bütün oyun boyu liderliyini qoruyub saxlayıb. Gümüş və bürünc medallara iddialı komandalar isə daim dəyişib. Ali İqtisadiyyat Məktəbinin komandası turnirin yekununda ikinci yeri tutub. MDBMİ-nin və RF Hökuməti yanında Maliyyə Universitetinin komandaları üçüncü yeri bölüşüblər.

Son xəbərlər

Orphus sistemi