Moskva Dövlət Tibb Universitetinin Bakı filialına qəbul başa çatıb

Moskva Dövlət Tibb Universitetinin Bakı filialına qəbul başa çatıb Filialda ilk tədris ilində təhsil alacaq 100 tələbə artıq müəyyənləşdirilib
Elm və təhsil
27 İyul , 2015 18:33
Moskva Dövlət Tibb Universitetinin Bakı filialına qəbul başa çatıb

Bakı. 27 iyul. REPORT.AZ/ İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına 2015-2016-cı tədris ili üzrə tələbə qəbulu başa çatıb. Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, filialda ilk tədris ilində təhsil alacaq 100 tələbə artıq müəyyənləşdirilib.

Nazirlikdən bildirilib ki, tələbələrin 54-ü Bakı şəhərində, 14-ü Gəncədə, qalan 32-si respublikanın digər regionlarında orta təhsil alıb. Onlardan 89 nəfəri orta məktəbi rus dilində, 11 nəfəri Azərbaycan dilində başa vurub. Filialda tədris rus dilində aparılacaq.

Qeyd edək ki, filialın Elmlər Akademiyası şəhərciyində yerləşən binası tibb təhsili üçün müəyyənləşdirilmiş standartlara uyğun müasir avadanlıqlarla təchiz olunur. Burada ixtisas fənləri üzrə dərsləri Birinci Moskva Dövlət Tibb Universitetinin professor-müəllim heyəti aparacaq. Humanitar və xarici dil fənləri üzrə dərsləri isə Azərbaycanın ali təhsil müəssisələrindən müsabiqə yolu ilə seçilən müəllimlər tədris edəcək.

Xatırladaq ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin komissiyası tərəfindən filiala aparılan qəbul imtahanlarına TQDK-nın IV qrup üçün keçirdiyi test imtahanlarında 350 və daha artıq bal toplayan abituriyentlər buraxılıb. Həmin abituriyentlər internet üzərindən onlayn olaraq Birinci Moskva Dövlət Tibb Universitetinin yaratdığı komissiyaya rus dili və kimya fənlərindən imtahan veriblər.

Filialda tədris Moskva Dövlət Tibb Universitetinin tədris plan və proqramları əsasında keçiriləcək və məzunlara həmin ali təhsil ocağının diplomu təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi