Mikayıl Cabbarov Fransa ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb

Mikayıl Cabbarov Fransa ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb "İkili diplomların tanınması və elmi-tədqiqat sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi zəruridir"
Elm və təhsil
1 Aprel , 2015 15:18
Mikayıl Cabbarov Fransa ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb

Bakı. 1 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Strasburq Universitetinin prezidenti Alen Beretzin rəhbərliyi ilə Fransa ali təhsil müəssisələrinin rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Təhsil naziri M.Cabbarov hər iki ölkənin dövlət başçıları arasındakı yüksək səviyyəli münasibətlərə uyğun olaraq günbəgün inkişaf edən Azərbaycan-Fransa əlaqələrində təhsil sahəsinin xüsusi rolunu nəzərə çatdırıb. O, ali təhsil müəssisələri arasında əlaqələrin daha da genişləndirilməsinin müsbət hal olduğunu bildirib, orta təhsil, tələbə və müəllim mübadiləsi istiqamətlərində mövcud olan səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Ötən ilin noyabrında Parisə səfəri çərçivəsində Strasburq Universitetinin prezidenti Alen Beretzlə görüşünü xatırladan təhsil naziri cari ilin fevral ayında Fransada keçirilən "Azərbaycan günü" tədbirinin əhəmiyyətinə də diqqət çəkib: "Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişafı vacibdir. İkili diplomların tanınması və elmi-tədqiqat sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi zəruridir".

Strasburq Universitetinin prezidenti Alen Beretz belə görüşlərin Fransa-Azərbaycan təhsil əlaqələrinin inkişafı və birgə əməkdaşlığın daha səmərəli müstəviyə qədəm qoyması baxımından rolunu qeyd edib.

Ölkənin ali təhsil müəssisələri rəhbərlərinin də iştirak etdiyi görüşdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 1-3 aprel tarixlərində Azərbaycanda səfərdə olacaq nümayəndə heyəti bir sıra aparıcı ali təhsil müəssisələrini də ziyarət edəcək və ikitərəfli təhsil əlaqələrinin inkişafına dair müzakirələr aparacaqlar.

Son xəbərlər

Orphus sistemi