Meksikanın Azərbaycandakı səfiri BANM-də olub

Meksikanın Azərbaycandakı səfiri BANM-də olub Rektor: “Meksikalı tələbələrin Ali Məktəbdə təhsil almaları üçün geniş imkanlar mövcuddur”
Elm və təhsil
13 İyul , 2016 10:39
Meksikanın Azərbaycandakı səfiri BANM-də olub

Bakı. 13 iyul. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores Bakı Ali Neft Məktəbində (BANM) olub .

Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səfir Ali Məktəbin rektoru Elmar Qasımovla görüşüb. Görüş zamanı BANM haqqında geniş məlumat verən rektor E.Qasımov iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğulayıb.

E.Qasımov Ali Məktəbin mühəndis kadrların hazırlanmasında tətbiq olunan müasir tədris proqramları və texnologiyaları, tələbələr üçün SOCAR-ın müəssisələrində, Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə, həmçinin yerli müəssisələrdə istehsalat təcrübəsinin təşkili vasitəsi ilə tədris prosesinin təcrübə ilə vəhdətinin səmərəliliyi haqqında bəhs edib.

O, Ali Məktəbin öz beynəlxalq əlaqələrinin genişləndirməsində maraqlı olduğunu və Meksikanın neft-qaz, energetika müəssisələri və ali təhsil ocaqları ilə işgüzar əlaqələrin qurulmasına hazır olduğunu bildirib. Rektor, həmçinin BANM-in artıq əcnəbi tələbələrin qəbuluna başladığını qeyd edərək meksikalı tələbələrin Ali Məktəbdə təhsil almaları üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.

Səfir Xuan Rodriqo Labardini Flores Ali Məktəbdə olmasından məmnunluğunu ifadə edərək səmimi qəbula görə rektora minnətdarlığını bildirib.

Meksika və Azərbaycan arasında xüsusilə, təhsil və elmi-tədqiqat sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensial imkanların olduğunu və səfirliyin Meksikanın ali məktəbləri və müəssisələri ilə BANM-in əməkdaşlıq əlaqələrinin yaradılması üçün hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib.

Görüşün sonunda səfirə BANM-in “Fəxri qonaq” diplomu təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi