Martın 15-də rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsi keçiriləcək

Martın 15-də rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsi keçiriləcək İmtahanda iştirak etmək üçün 1245 namizəd elektron ərizə doldurub
Elm və təhsil
11 Mart , 2015 15:58
Martın 15-də rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsi keçiriləcək

Bakı. 11 mart. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 15-də 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirəcək. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.

İmtahan Bakı şəhərində 3 binada - Azərbaycan Tibb Universitetinin I və V tədris binaları və Bakı Qızlar Universitetində, eləcə də Naxçıvan şəhərində 1 binada - Naxçıvan Dövlət Universitetinin Hüquq korpusunda keçirilir və bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır.

Namizədlər martın 4-dən etibarən öz elektron ərizələrinə daxil olaraq "Namizədin imtahana buraxılış vərəqəsi"ni çap edirlər. İmtahanda iştirak etmək üçün namizədlər aşağıdakı sənədləri mütləq təqdim etməlidirlər:

- "Namizədin imtahana buraxılış vərəqəsi"ni

- şəxsiyyəti təsdiq edən sənədin əslini

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Birinci mərhələdə namizədlərə baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsi iyulun 27-də keçiriləcək və ikinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılırlar.

Məlumat üçün bildirək ki, imtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə fevralın 16-dan 23-dək aparılıb və 1245 nəfər namizəd elektron ərizə dolduraraq təsdiq edib. Onlardan 913 nəfəri qız, 332 nəfəri isə oğlandır. 1050 namizəd Azərbaycan bölməsinin, 195 namizəd rus bölməsinin, 552 namizəd cari ilin, 693 namizəd isə əvvəlki illərin məzunudur. Bakı şəhərində 1213, Naxçıvan şəhərində isə 32 namizədin imtahan verəcəyi nəzərdə tutulur. İmtahanların idarə olunması üçün 18 imtahan rəhbəri, 132 zal nəzarətçisi ayrılıb.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının hər iki mərhələsi cari ilin iyul ayında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi