Lütfi Zadə Azərbaycanda elmi-praktiki jurnalların fəxri baş redaktoru seçilib

Lütfi Zadə Azərbaycanda elmi-praktiki jurnalların fəxri baş redaktoru seçilib O, hazırda "Soft Computing" İnstitutunun direktoru kimi fəaliyyət göstərir
Elm və təhsil
23 İyun , 2015 12:03
Lütfi Zadə Azərbaycanda elmi-praktiki jurnalların fəxri baş redaktoru seçilib

Bakı. 23 iyun. REPORT.AZ/ Dünya şöhrətli azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə AMEA İnformasiya Texnologiyaları İnstitutunun "İnformasiya texnologiyaları problemləri" və "İnformasiya cəmiyyəti problemləri" elmi-praktiki jurnallarının fəxri baş redaktoru seçilib. Bu barədə "Report"a AMEA-dan məlumat verilib.

Qeyd edək ki, Lütfi Zadə 1921-ci ildə Bakı şəhərində anadan olub. 1944-cü ildə Tehran Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib.

L.Zadə 1944-cü ildən 1959-cu ilə qədər Massaçussets Texnologiya İnstitutunda (ABŞ) və Kolumbiya Universitetlərində magistr və doktorluq elmi dərəcələrini alıb. 1959-cu ildən Berkli Universitetinin professoru olub, 1963-cü ildən isə "Elektrik mühəndisliyi və kompüter elmləri" kafedrasına rəhbərlik edib. Hazırda prof. L.Zadə "Soft Computing" İnstitutunun direktoru kimi fəaliyyət göstərir.

L.Zadə bir neçə fundamental elmi nəzəriyyə təklif edib. Onun elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş bir elmi nəzəriyyədir.

Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.

L.Zadənin ən böyük nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb.

Alimin "Soft Computing" nəzəriyyəsi qeyri-səlis məntiq, süni neyron şəbəkələri, genetik alqoritmlər, xaos nəzəriyyəsi və ehtimal nəticəçıxarma paradiqmlərinin intellektual kombinasiyalarını özündə əks etdirərək yeni texnologiyaların əsasını təşkil edir.

L.Zadə bir çox xarici ölkə elmlər akademiyalarının üzvüdür. O, çox sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülüb, medallarla təltif edilibr. Onlarla xarici dövlət və ictimai təşkilatın fəxri doktorudur.

Hazırda Berkli şəhərində İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi