Kamal Abdulla Dövlət Komitəsi ilə QMİ arasında ehsanla bağlı fikir ayrılıqlarının olması barədə məlumatlara münasibət bildirib

Kamal Abdulla Dövlət Komitəsi ilə QMİ arasında ehsanla bağlı fikir ayrılıqlarının olması barədə məlumatlara münasibət bildirib “Bunu ortaya atanın səviyyəsizliyini, cahilliyini, ən azı, məsələdən xəbərdar olmaması göstərir”
Elm və təhsil
7 Noyabr , 2014 11:51

Bakı. 7 noyabr. REPORT.AZ/ "Qafqaz Müsəlmanları İdarəsi öz işinin öhdəsindən çox gözəl gəlir. Şeyxin təşəbbüsü ilə bölgələrdə bir sıra faydalı tədbirlər həyata keçirilir".

"Report"un məlumatına görə, bunu "Azərbaycan" qəzetinə müsahibəsində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla deyib. O qeyd edib ki, Şeyxin təşəbbüsü ilə bölgələrdə çox səmərəli təkmilləşmə kursları keçirilir: "Onlar üçün eyni geyim forması hazırlanır. Yeməkləri-içməkləri, qalmaqları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşkil edilir. Bir ay müddətində növbə ilə bu kurslarda hamı təhsil alacaq. Çox böyük maarifçilik işidir. Bu, din xadimləri dini biliklərini təkmilləşdirməklə yanaşı, ölkənin bir sıra dövlət və hökumət, hüquq-mühafizə, televiziya, mətbuat adamları ilə də görüşür, maraqlandıqları sahə ilə bağlı əlavə məlumatlar alırlar. Mən özüm onlarla bir neçə dəfə görüşüb dərs keçmişəm. O məqam diqqətimi çəkib ki, bu ruhani şəxslərin dünyəvi biliklər almaq ehtiyacları və ən vacibi, həvəsləri var. Şeyxin təşəbbüsü təqdirəlayiqdir".

K.Abdulla Azərbaycanın bölgələrində dini biliklərin aşağı olmasını da vurğulayıb: "Belə olmasaydı, bəzi rayonlarda bəzi yeniyetmələr təmiz islam dininə yad təmayüllərə uymazdılar. Məktəb və universitetlər bu bilikləri artırmağın, dolğunlaşdırmağın daha optimal yollarını axtarmalıdırlar. Bunu təkcə müəllimlər, alimlər deyil, onlarla birgə din xadimləri, ilahiyyatçılar həyata keçirməli, bəlkə mövcud dərsliklərə, xüsusilə, "Həyat bilgisi" dərsliyinə müəyyən əlavələr etməyin faydasını götür-qoy etməlidirlər. Belə boşluqlar dərsliklərimizdə var. Bu istiqamətdə addımlar atmağın yollarını düşünürük".

Kamal Abdulla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanlası İdarəsi arasında yas mərasimlərində ehsan verilməsi ilə bağlı fikir ayrılıqları olması barədə yayılan məlumatlara da münasibət bildirib.

"Birmənalı şəkildə deyirəm - nə dövlət, nə də icra strukturları bu məsələlərlə bağlı direktivlər vermək fikrində deyil. Hər şeyi həyat tənzim edir. Söhbət ondan gedir ki, cəmiyyətin bir üzvü süfrədə (istər yas olsun, istər toy) ifrata qarşıdır, başqa bir üzvünü isə bu hal narahat etmir, daha başqa bir üzvü də hələ düşünür... Aydındır ki, söhbət prinsip söhbəti deyil, əslində, menyu söhbətidir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə də, qəlbində Allah eşqi yaşadan digər din xadimləri də, ziyalılar da, adi insanlarımız da dəfələrlə bu istiqamətdə müzakirələr zamanı deyiblər ki, adət-ənənələrimizlə bağlı bütün məsələlərdə son dərəcə həssas, anlayışlı olmalıyıq, əsl islam dəyərlərindən çıxış etməliyik. Yenə təkrar edirəm ki, bu kimi məsələlər direktivlər, göstərişlərlə deyil, həyatın tələbi ilə tənzim edilə bilər. Amma biz cəmiyyətə bəzi zəruri hissləri təlqin etməyi bacarmalıyıq. Məsələn, heç kəs utanc hissi keçirməməlidir ki, verdiyi çay ehsanı başqasının ifratçılıq üstündə qurulmuş dəbdəbəli ehsanından ayıb sayıla bilər. Məsələnin canı budur! Bunun üzərində çalışmaq lazımdır.

O ki, qaldı siz deyən "qurumlar arasında problemlərin mövcud olması" məsələsi, məncə, bu barədə danışmağa belə dəyməz. Bu, absurddur və bunu ortaya atanın səviyyəsizliyini, cahilliyini, ən azı, məsələdən xəbərdar olmamasını göstərir. Eyni zamanda, əgər hansısa mətbu orqan mütəmadi olaraq bu cəfəngiyatı ortaya atırsa, o zaman belə hal bu mətbu orqanın hər şeydən əvvəl öz oxucusuna olan münasibətini, yəni, hörmətsizliyini nümayiş etdirir" - deyə, K.Abdulla bildirib.

Son xəbərlər

Orphus sistemi