Firudin Qurbanov: "Hazırda 42 tələbəmiz Fransada təhsillərini davam etdirir"

Firudin Qurbanov: "Hazırda 42 tələbəmiz Fransada təhsillərini davam etdirir" Parisdə səfərdə olan təhsil nazirinin müavini Fransanın "Kampus Frans" Agentliyinin direktoru ilə görüşüb
Elm və təhsil
26 Fevral , 2015 13:24
Firudin Qurbanov: Hazırda 42 tələbəmiz Fransada təhsillərini davam etdirir

Bakı. 26 fevral. REPORT.AZ/ Parisdə səfərdə olan Azərbaycan təhsil nazirinin müavini Firudin Qurbanov Fransanın "Kampus Frans" Agentliyinin direktoru Antuan Qrassən ilə görüşüb. Bu barədə "Report"a nazirlikdən məlumat verilib. 

Görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq çərçivəsində Fransa-Azərbaycan təhsil əlaqələrinin perspektiv inkişaf istiqamətləri, ali təhsil sahəsində münasibətlərin genişləndirilməsi və birgə proqramların həyata keçirilməsi imkanları müzakirə edilib. Görüşdə həmçinin Parisdə keçiriləcək "Azərbaycan günü" tədbirinə hazırlıq, müvafiq proqramlar üzrə akademik mobillik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

"Kampus Frans" Agentliyinin bir sıra ölkələrlə sıx əməkdaşlıq etdiyini bildirən A.Qrassən rəhbəri olduğu qurumun Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.

Təhsil nazirinin müavini Azərbaycanda təhsil sahəsində həyata keçirilən layihələr, ali təhsilin strateji istiqamətləri, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icra vəziyyəti barədə məlumat verib.

F.Qurbanov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində bu günə qədər 120 azərbaycanlı tələbənin Fransada təhsil almaq hüququ qazandığını, onlardan 42 nəfərinin hazırda bu ölkədə təhsillərini davam etdirdiyini bildirib.

Qeyd edək ki, fevralın 27-də Parisdə "Azərbaycan günü" tədbiri keçiriləcək. "Azərbaycan günü"ndə Fransanın 20-yə yaxın ali təhsil müəssisəsi Azərbaycan ali təhsil sistemi üçün maraq kəsb edən birgə layihələr barədə təqdimatlar keçirəcək. Tədbir çərçivəsində Avropa İttifaqına daxil olan ölkələrin vətəndaşlarına da Azərbaycan universitetlərində təhsil almaq imkanları təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi