"Halliburton" şirkətinin mütəxəssisləri Bakı Ali Neft Məktəbində seminar keçiriblər

"Halliburton" şirkətinin mütəxəssisləri Bakı Ali Neft Məktəbində seminar keçiriblər İki gün ərzində keçirilən seminar yekun qeydlərlə və sual-cavab sessiyası ilə yekunlaşıb
Elm və təhsil
12 Fevral , 2015 11:26
Halliburton şirkətinin mütəxəssisləri Bakı Ali Neft Məktəbində seminar keçiriblər

Bakı. 12 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) “Halliburton” şirkətinin mütəxəssisləri ARDNŞ-nin tərkibində olan bir sıra qurum nümayəndələri üçün quyuların tamamlanması ilə bağlı seminar keçiriblər. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Seminarın 1-ci günündə BANM-in rektoru Elmar Qasımov BANM-in “Halliburton” şirkəti və Azərbaycanda fəaliyyət göstərən digər transmilli şirkətlərlə əməkdaşlıq əlaqələrinin mütəxəssis hazırlığına dəyərli töhfələr verəcəyini vurğulayıb və 2014-cü ildə Bakı Ali Neft Məktəbi və "Halliburton" şirkəti arasında "Əməkdaşlıq haqqında Razılaşma" imzalandığını xatırladıb.

Seminarda “SOCAR-AQŞ” MMC-nin, “Azneft” İstehsalat Birliyinin, Kompleks Qazma İşləri Trestinin, "SOCAR ÜMİD" MMC-nin və ARDNŞ-nin digər struktur qurumlarının mühəndisləri iştirak ediblər.

Seminarın əsas məqsədi “Halliburton” şirkətinin mütəxəssisləri və ARDNŞ-nin quyuların qazma və tamamlama işlərini həyata keçirən mühəndisləri arasında sıx iş birliyi qurmaq və onlara “Halliburton” şirkəti tərəfindən quyuların tamamlanmasında ən müasir və yüksək keyfiyyətli xidmət və avadanlıqlar təklif etməkdir.

İki gün ərzində “Halliburton” şirkətinin mütəxəssisləri tərəfindən seminar iştirakçılarına “Təhlükəsizlik məsələləri barədə məlumat”, “”Halliburton” şirkətinin quyuların tamamlanması vasitələrinin işinin təşkili və ümumi imkanları”, “Sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsinin neft sənayesində vacibliyi”, “Qlobal mühitdə istifadə olunan müxtəlif tamamlama layihələri”, “Tamamlamada axının idarə olunması”, “Halliburton şirkətinin məhsul xidmətləri şəbəkəsi və Xəzər regionunda imkanları”, “Qumla mübarizə metodları və süzgəclər” və digər mövzularda təqdimatlar keçirilib.

BANM-də iki gün ərzində keçirilən seminar yekun qeydlərlə və sual-cavab sessiyası ilə yekunlaşıb.  

Son xəbərlər

Orphus sistemi