Gəncədə 130-dan çox alimin iştirak etdiyi Atatürk konfransı başlayıb

Gəncədə 130-dan çox alimin iştirak etdiyi Atatürk konfransı başlayıb Konfrans 3 gün davam edəcək
Elm və təhsil
13 Oktyabr , 2015 11:19
Gəncədə 130-dan çox alimin iştirak etdiyi Atatürk konfransı başlayıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu gün Gəncə şəhərində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin (ATAM) birgə təşkil etdiyi dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk konfransı başlayıb. İnstitutun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, konfrans 3 gün davam edəcək.

Təşkilat Komitəsində Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov, İstanbul Universitetinin professoru Halil Bal, Türkiyə Nazirlər Kabineti yanında Dövlət Arxivləri Baş idarəsinin rəisi Uğur Ünal və başqa nüfuzlu alimlər təmsil olunurlar. Beynəlxalq elmi konfransın açılışında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsinin başqanı Derya Örs çıxış ediblər.

Qeyd edək ki, Azərbaycan İlham Əliyev və Türkiyə Rəcəb Tayyib Ərdoğanın himayəsi altında keçirilən beynəlxalq konfrans Azərbaycan və Türkiyənin Müstəqillik günlərinə həsr olunub.

Azərbaycanın təklifinə əsasən konfransda Azərbaycan və region ölkələrinin XIX-XX əsrlər tarixinin aktual problemləri müzakirə olunacaq.

Konfransın Təşkilat Komitəsində təmsil olunan 22 alimdən 5-i, Elmi Dəyərləndirmə Komitəsində isə 76 alimdən 9-u Azərbaycandandır.

Konfrans zamanı 1920-ci ilin "Gəncə üsyanı" haqqında sənədli film göstəriləcək.

Azərbaycan alimlərinin məruzələri ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, erməni faşizminin xalqımıza qarşı törətdiyi soyqırımları, Dağlıq Qarabağ məsələsi, Xocalı soyqırımı və başqa problemlərə həsr olunub.

Konfransda 93 elmi məruzədən 25-ni Azərbaycan tarixçiləri edəcək.

Türkiyə tərəfinin maliyyə dəstəyi ilə keçirilən konfransda Avropa və ABŞ hakim dairələrinin müasir mərhələdə türk-islam xalqlarına qarşı yeritdiyi irqi, dini və milli ayrı-seçkilik siyasətinə qarşı dünya ictimaiyyətinə müraciət qəbul olunması nəzərdə tutulub.

Bağlanış mərasimində Yaqub Mahmudov, Mehmet Ali Beyhan, Derya Örs çıxış edərək konqresdə edilən məruzələri dəyərləndirəcək və elmi forumun işinə yekun vuracaqlar. Konfransın sonuncu günü – 15 oktyabrda qədim Şəki şəhərinə gəzinti təşkil ediləcək və Qax rayonunda Yunus İmrənin məzarı ziyarət olunacaq.

Son xəbərlər

Orphus sistemi