Azərbaycanda gənc kadrların rayonlarda işləməsi üçün yeni dövlət proqramı hazırlanacaq

Azərbaycanda gənc kadrların rayonlarda işləməsi üçün yeni dövlət proqramı hazırlanacaq "Gənc kadrın rayonda yaşaması üçün həm evi, həm qidalanması, həm də ən əsası internetlə təmin olunması lazımdır"
Elm və təhsil
28 Yanvar , 2015 16:05
Azərbaycanda gənc kadrların rayonlarda işləməsi üçün yeni dövlət proqramı hazırlanacaq

Bakı. 28 yanvar. REPORT.AZ/ "Gənclər və İdman Nazirliyi "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" çərçivəsində regionlarda yaşayan gənclərin təhsil, məşğulluq və mədəniyyət sahəsində imkanlarını genişləndirmək məqsədilə aidiyyəti dövlət qurumları ilə birlikdə yeni dövlət proqramı hazırlamağı planlaşdırır". "Report" xəbər verir ki, bu barədə gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

Onun sözlərinə görə, proqramla əlaqədar artıq statistik tədqiqatlara başlanılıb: "Belə ki, ilk olaraq regionlarda ixtisaslara görə tələbatın necə olduğu araşdırılır. Hazırlanması nəzərdə tutulan yeni proqrama görə, Bakıda ali təhsilini başa vuran gənc kadr 2 il müddətində regionda öz sahəsi üzrə çalışmalıdır. Məsələ ilə bağlı beynəlxalq təcrübə ilə yanaşı, ölkənin mövcud qanunvericiliyinə də baxılır. Çünki gənc kadrın rayonda yaşaması üçün həm evi, həm qidalanması, həm də ən əsası internetlə təmin olunması lazımdır. Ona görə də hazırda bütün bu məsələlər barədə düşünülür".

Regionlarda kifayət qədər iş yerlərinin olduğunu qeyd edən İ.Babayev oradakı maaşların gəncləri qane etmədiyini deyib: "Ola bilər ki, məhz bu səbəbdən gənclərimiz regionlarda işləməyə maraq göstərmirlər. Odur ki, əsas məqsədimiz təhsilini bitirən gənclərin regionda işləməsini təmin etməkdir. Bu səbəbdən də ayrıca dövlət proqramı hazırlanacaq. Həmin proqram vasitəsilə həmin gəncin müəyyən ehtiyaclarını ödəməklə regionda işləməsini təmin etmək mümkün olacaq. Hətta stimul olaraq həmin gəncin doğulub-böyüdüyü öz rayonuna göndərmək daha yaxşı çıxış yolu ola bilər".  

Son xəbərlər

Orphus sistemi