Fransa universitetində Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrası açılıb

Fransa universitetində Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrası açılıb Mikayıl Cabbarov: "Yeni açılan kafedra fransız gənclərinə və tədqiqatçılarına Azərbaycanı daha yaxından tanımağa imkan yaradacaq"
Elm və təhsil
3 Noyabr , 2015 13:17
Fransa universitetində Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrası açılıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Fransanın Müluz şəhərindəki Yuxarı Elzas Universitetində Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrasının açılışı olub. Bu barədə "Report"a Azərbaycan Təhsil Nazirliyindən məlumat verilib. 

Mərasimdə Yuxarı Elzas Universitetinin rektoru Kristin Zieqler-Qanqloff Müluzun Azərbaycanın şəhərləri ilə olan dostluq münasibətlərindən, o cümlədən rəhbərlik etdiyi ali məktəbin Gəncədəki universitetlərlə mövcud əlaqələrindən danışıb.

Yuxarı Elzas Universitetinin ədəbiyyat və humanitar elmlər fakültəsinin dekanı Qreta Komur isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan ədəbiyyat və mədəniyyət kafedrasının onun rəhbərlik etdiyi fakültədə açılması ilə qürur duyduğunu deyib. Qreta Komur Nizami Gəncəvinin əsərlərinin Şərq və Avropa mədəniyyətinə təsirini, eləcə də Avropa və Azərbaycan mədəniyyəti arasında qarşılıqlı təsirləri tədqiq etməyin kafedranın əsas məqsədi olduğunu bildirib. O, hər iki ölkə arasında ədəbiyyat sahəsində olan əlaqələrə də toxunub.

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bu layihənin reallaşmasına verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun sədri Mehriban Əliyevaya, Yuxarı Elzas Universitetinin rektoru Kristin Zieqler-Qanqloffa, Müluz şəhərinin rəhbərliyinə, ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyova minnətdarlığını ifadə edib.

Azərbaycan-Fransa münasibətlərinin dərin tarixi köklərinə toxunan nazir bu gün iki xalq arasında tarix boyu formalaşmış dostluq münasibətlərinin hər iki ölkənin rəhbərləri səviyyəsində dəstəklənməsi və daha da inkişaf etdirilməsi istiqamətində səylərin göstərildiyini vurğulayıb.

Təhsilin inkişafı sahəsində xüsusi əhəmiyyət verilən məqamlardan birinin də xarici ölkələrlə müsbət təcrübələrin paylaşılması və qarşılıqlı faydalılıq əsasında birgə təşəbbüslərin həyata keçirilməsi olduğunu deyən nazir Azərbaycanın Fransa ilə bu istiqamətdə tərəfdaşlığının nümunəvi xarakter daşıdığını diqqətə çatdırıb. 

Nazir M.Cabbarov yeni açılan kafedranın fransız gənclərinə və tədqiqatçılarına Azərbaycanı daha yaxından tanımağa, ədəbiyyatımızı, tariximizi və mədəni irsimizi araşdırmağa imkan yaradacağına əmin olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi