Fənn müsabiqələrinin qalibləri mükafatlandırılıb

Fənn müsabiqələrinin qalibləri mükafatlandırılıb Qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olunublar
Elm və təhsil
11 Mart , 2016 15:28
Fənn müsabiqələrinin qalibləri mükafatlandırılıb

Bakı. 11 mart. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi "Fənn müsabiqələrinin qaliblərinin mükafatlandırılması" mərasimi keçirib. İdarənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, idarənin sektor müdirləri, məktəb direktorları, müsabiqə qalibləri və valideynlər iştirak edib.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva şagirdlərin erkən yaşlarında qazandıqları hər kiçik qələbənin gələcək həyatlarında böyük rolu olacağına, onlar arasından dünya fənn olimpiadalarının qaliblərinin yetişəcəyinə və ölkəmizdə dövlətçiliyimizin qorunub saxlanılmasının inkişafına xidmət edən şəxsiyyətlərin formalaşacağına əmin olduğunu bildirib. 

O qeyd edib ki, müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini bir daha təbiət elmlərinə yönəltmək və dəqiq fənlər üzrə onların hərtərəfli, mükəmməl biliyə yiyələnməyinə xidmət etməkdir.

Tədbirdə çıxış edənlərdən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, idarənin sektor müdiri Sevinc Rəsulova və “Gənc İstedadlar” liseyinin direktor müavini, Bakı Dövlət Universitetinin dosenti Məleykə Bayramova da qalibləri təbrik edərək ölkə prezidenti İlham Əliyev tərəfindən təhsilə göstərilən dövlət qayğısından danışıblar. Çıxış edənlər fənn olimpiadalarının ölkə üçün əhəmiyyəti, gələcək elmi potensialın inkişafı, gənc alimlərin yetişməsi baxımından əhəmiyyəti haqqında fikirlərini də bölüşüblər.

Tədbirə Bakı şəhəri 24 №-li Uşaq Yaradıcılıq Mərkəzinin “Səma” rəqs qrupunun ifasında “Sevinci” rəqsi və 25 №-li Uşaq Yaradıcılıq Mərkəzinin “Nağaraçalanlar” ansamblının ifası daha da rəngarənglik qatıb. 166 saylı məktəbin X sinif şagirdi Əzizə Məhərrəmovanın ifasında səsləndirilən “Sarı Gəlin” tədbir iştirakçılarının marağına səbəb olub.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun "Beynəlxalq fənn olimpiadalarına hazırlıq işlərinin təşkili barədə" əmrinə əsasən, keçən ilin noyabr və dekabr, bu ilin yanvar aylarında Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin VII sinif şagirdləri arasında riyaziyyat, VIII sinif şagirdləri arasında isə fizika, kimya, biologiya fənləri üzrə üç mərhələdə müsabiqələr keçirilib. Ümumilikdə 2 212 şagirdin iştirak etdiyi müsabiqələrin nəticələri təhlil edilmiş və yüksək göstəricilər əldə etmiş şagirdlər müəyyənləşdirilib. Fənn müsabiqələrinin Bakı şəhəri üzrə 3 mərhələsinin yekununa əsasən 94 nəfər qalib olub.

Sonda qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

Son xəbərlər

Orphus sistemi