​Təhsil Nazirliyi: "Ermənistanın məktəblilərin iştirak etdiyi yarışı siyasiləşdirmək cəhdi təəssüf hissi doğurur"

​Təhsil Nazirliyi: "Ermənistanın məktəblilərin iştirak etdiyi yarışı siyasiləşdirmək cəhdi təəssüf hissi doğurur" "Hər bir beynəlxalq yarışda iştirak və ya iştirakdan imtina istənilən ölkənin öz seçim hüququdur"
Elm və təhsil
17 İyun , 2015 20:25
​Təhsil Nazirliyi: Ermənistanın məktəblilərin iştirak etdiyi yarışı siyasiləşdirmək cəhdi təəssüf hissi doğurur

Bakı. 17 iyun. REPORT.AZ/ "Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə vətəndaşlığından asılı olmayaraq, bütün iştirakçıların təhlükəsizliyinin təmin olunması üçün lazımi tədbirlər görülür. Məhz bu səbəbdən Ermənistanın elm və təhsil nazirinin ölkəsini təmsil edən idmançıların Bakıda keçirilən I Avropa Oyunlarında tam təhlükəsiz şəraitdə iştirak etdiyi dövrdə bəyanat verməsi isə təəccüb və təəssüf doğurur". Bu barədə "Report"un sorğusuna cavab olaraq Təhsil Nazirliyi qarşı tərəfin 47-ci dəfə keçirilən Beynəlxalq Kimya Olimpiadasında iştirak etməməsində Azərbaycanı günahlandırmasına münasibət bildirib.

Cavab bəyanatında qeyd edilir ki, 47-ci dəfə keçirilən Beynəlxalq Kimya Olimpiadasının reqlamentində iştirakçı ölkələr üçün xüsusi təhlükəsizlik zəmanətinin təmin olunması nəzərdə tutulmayıb: "Bu qayda 20-29 iyul tarixlərində Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə Bakıda baş tutacaq Beynəlxalq Kimya Olimpiadasına da aiddir.

Hər bir beynəlxalq yarışda iştirak və ya iştirakdan imtina istənilən ölkənin öz seçim hüququdur. Birinci dəfə deyil ki, müxtəlif yarışlarda iştirak məsələsi ətrafında Ermənistanın rəsmi dairələri tərəfindən sui-istifadə hallarına yol verilir".

Həmçinin o da bildirilib ki, məktəblilərin iştirak etdiyi bu yarışı siyasiləşdirmək cəhdi də təəssüf hissi doğurur: "Azərbaycan tərəfi 47-ci Beynəlxalq Kimya Olimpiadasının keçirilməsinə dair üzərinə düşən bütün öhdəlikləri tam həcmdə yerinə yetirir".

"Azərbaycan son illər ərzində çox sayda nüfuzlu beynəlxalq və regional xarakterli tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib və bu tədbirlər çərçivəsində hər hansı ölkənin iştirakçılarına münasibətdə ayrı-seçkilik nümayiş olunmayıb", - cavab bəyanatında bildirilib.

Son xəbərlər

Orphus sistemi