Ermənilərin saxta tarix yaratmaq cəhdi növbəti dəfə iflasa uğrayıb

Ermənilərin saxta tarix yaratmaq cəhdi növbəti dəfə iflasa uğrayıb Naxçıvanın Ali Məclisi “İCON” 2-ci Beynəlxalq Konfrans”ın Təşkilat Komitəsinə etiraz məktubu göndərib
Elm və təhsil
3 Oktyabr , 2016 13:36
Ermənilərin saxta tarix yaratmaq cəhdi növbəti dəfə iflasa uğrayıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bu ilin 26-29 sentyabr tarixində Rusiya Federasiyasının Dövlət Ermitajında şərq numizmatikasına (ICON II) həsr olunmuş ikinci beynəlxalq konfrans keçirilib.

Konfransın sentyabrın 29-da nəzərdə tutulan iclasında erməni alimi A.Akopyan (Moskva) və P.Petrovun (Kazan) “Şərqi Ermənistan xanlıqlarının (İrəvan, Naxçıvan, Gəncə, Qarabağ) 1747-1827-ci illərdə sikkə zərbi” mövzusunda məruzələrinin dinlənilməsi nəzərdə tutulmuşdu. "Report"un xəbərinə görə, məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlıları məlumatlandırıb, burada fəaliyyət göstərən “Naxçıvan cəmiyyəti”nin üzvləri və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin alim və tədqiqatçıları “Şərq numizmatikası üzrə “İCON” 2-ci Beynəlxalq Konfrans”ın Təşkilat Komitəsinə məktub göndərərək qərəzli yanaşmaya kəskin etirazlarını bildirib, “Şərqi Ermənistan xanlıqlarının (İrəvan, Naxçıvan, Gəncə, Qarabağ) 1747-1827-ci illərdə sikkə zərbi” adlı məruzənin konfransın gündəliyindən çıxarılmasını tələb edib.

Etiraz məktubunda qədim Azərbaycan torpaqlarının “Şərqi Ermənistan” kimi qələmə verilməsinin elmi və tarixilik baxımından kobud səhv olduğu, ermənilərin Azərbaycan torpaqlarına, xüsusilə adları qeyd olunan xanlıqların ərazisinə 1828-ci il tarixli Türkmənçay müqaviləsindən sonra köçürüldüyü diqqətə çatdırılıb.
Qeyd olunub ki, 1747-1828-ci illərdə Nadir şah imperiyasının süqutundan sonra Azərbaycan ərazilərində 21 xanlıq yaranıb, həmin dövrdə nə Ermənistan adlı dövlət, nə də “Şərqi Ermənistan” adlı coğrafi ərazi olmayıb. Adları çəkilən xanlıqları isə Azərbaycan türkləri olan Qacarlar, Kəngərlilər, Ziyadoğlular, Cavanşirlər sülaləsi idarə ediblər.

Həmin dövrdə Ermənistan dövləti olmadığı üçün bu dövlət adından pul kəsilməsinin mümkünsüzlüyü faktlarla konfransın təşkilat komitəsinin nəzərinə çatdırılıb.

Xatırladaq ki, bu məsələ bir dəfə də keçmiş Sovetlər Birliyi dövründə – 1971-ci ildə gündəliyə gətirilmişdi. Həmin dövrdə Rusiya Dövlət Ermitajının hazırkı direktoru akademik M.B.Piotrovskinin atası B.Piotrovski “Redaksiyaya məktub” sərlövhəli məqaləsində Azərbaycan xanlıqlarına məxsus pul sikkələrinin mənimsənilməsini mümkünsüz və elmi yanlışlıq hesab edib.

Məsələnin ikinci dəfə gündəliyə gətirilməsi Rusiya Dövlət Ermitajının və şəxsən onun direktoru akademik M.B.Piotrovski­nin tarixə saxtakar münasibətinin və açıq-aşkar ermənipərəst mövqeyinin nəticəsi idi. 

Haqlı tələb və etirazlardan sonra “Şərq numizmatikası üzrə “İCON” 2-ci Beynəlxalq Konfrans”ın Təşkilat Komitəsi A.V.Akopyanın və P.N.Petrovun təqdim etdikləri “Şərqi Ermənistan xanlıqlarının (İrəvan, Naxçıvan, Gəncə, Qarabağ) 1747-1827-ci illərdə sikkə zərbi” adlı mövzunu konfransın gündəliyindən çıxarılıb.

Son xəbərlər

Orphus sistemi