Dövlət müşaviri: "Hər bir ölkə milli təhlükəsizliyi ilə yanaşı, multikultural təhlükəsizliyini də təmin etməlidir"

Dövlət müşaviri: "Hər bir ölkə milli təhlükəsizliyi ilə yanaşı, multikultural təhlükəsizliyini də təmin etməlidir" AMEA-nın nəzdində Multikulturalizm problemləri üzrə institutlararası elmi tədqiqat virtual mərkəzi təsis ediləcək
Elm və təhsil
27 Yanvar , 2016 16:47
Dövlət müşaviri: Hər bir ölkə milli təhlükəsizliyi ilə yanaşı, multikultural təhlükəsizliyini də təmin etməlidir

Bakı. 27 yanvar. REPORT.AZ/ "Hər bir ölkə öz enerji, iqtisadi və milli təhlükəsizliyini qorumaqla yanaşı, multikultural təhlükəsizliyini də təmin etməlidir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında "Multikulturalizmin elmi-nəzəri əsasları və Azərbaycan reallığında inkişaf perspektivləri" mövzusunda məruzəsində deyib. 

K.Abdullayev bildirib ki, multikultural təhlükəsizliyin ümumi mahiyyəti etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunmasından ibarətdir.

Onun sözlərinə görə, ölkə daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər şəkildə yönəldilməsi, ölkədə milli müxtəlifliyin qorunmasına dövlət qayğısının göstərilməsi, ölkədə yaşayan bütün xalqların və etnik qrupların mədəni dəyərlərinin mühafizəsinə dövlət və cəmiyyət tərəfindən dəstək verilməsi multikulturalizmin əsas prinsipləridir.

Dövlət müşaviri ölkədə multikulturalizmin dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildiyini və bu sahədə uğurlu siyasətin aparıldığını bildirib. 

AMEA Rəyasət Heyətinin qərarı ilə akademiyanın nəzdində Multikulturalizm problemləri üzrə institutlararası elmi tədqiqat virtual mərkəzi təsis ediləcək. Bu il AMEA, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Prezident yanında Bilik Fondunun iştirakı ilə "Dünya multikulturalizm modelləri" mövzusunda konfrans təşkil olunacaq. 

Eyni zamanda, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi ilə birgə "Multikulturalizm ensiklopediyası" hazırlanacaq. Həmçinin, akademiyada fəlsəfə doktoru və elmlər doktoru hazırlığı proqramları çərçivəsində elmi fəaliyyətlə məşğul olanlara multikulturalizm üzrə elmi tədqiqat mövzularının verilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi