Bakı. 23 sentyabr. REPORT.AZ/ 2015-2016-cı tədris ilindən 11 ölkənin nüfuzlu universitetlərində "Azərbaycan multikulturalizmi" fənninin tədris olunması ilə bağlı razılıq əldə olunub.
Bu barədə "Report"a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən məlumat verilib.
Məlumatda bildirilib ki, bu istiqamətdə danışıqlar davam etdirilir. Razılıq əldə olunan ölkələr arasında Türkiyə, İtaliya, İsveçrə, Portuqaliya, Ukrayna kimi ölkələr var. Keçən tədris ilində adı keçən fənnin tədris olunduğu universitetlərin sayı 7 olub. Mərkəzdən o da bildirilib ki, "Azərbaycan multikulturalizmi" fənnini tədris edən müəllimlərə mərkəz tərəfindən treninq keçirilir. Daha sonra sertifikat alan müəllimlər fənni tədris etmək üçün xarici ölkələrə göndərilir. Bu günə kimi mərkəz tərəfindən 5 treninq keçirilib. Ötən tədris ilində 5 müəllim Azərbaycandan göndərildiyi halda, ikisi xarici ölkələrin yerli müəllimlərindən seçilib.