Bu gündən rayonlarda müəllimlərin diaqnostik qiymətləndirilməsinə start verilir

Bu gündən rayonlarda müəllimlərin diaqnostik qiymətləndirilməsinə start verilir İlk qiymətləndirilmə Xaçmaz, sonuncusu isə Gəncə müəllimləri üçün olacaq
Elm və təhsil
28 Noyabr , 2015 09:07
Bu gündən rayonlarda müəllimlərin diaqnostik qiymətləndirilməsinə start verilir

Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gündən etibarən Azərbaycanın 3 ən böyük şəhər və 9 rayonunda müəllimlərin diaqnostik qiymətləndirilməsinə start verilir. "Report" xəbər verir ki, ilk imtahan bu gün və sabah Xaçmaz rayon müəllimləri üçün Xaçmaz Olimpiya İdman Kompleksində baş tutacaq.

Xatırladaq ki, növbəti mərhələdə, yəni dekabrın 4-6-da Masallı və Cəlilabad rayonundan olan müəllimlər Masallı Olimpiya İdman Kompleksində, dekabrın 9-12-də İmişli, Saatlı, Sabirabad, Şirvan, Hacıqabul rayon müəllimləri Sabirabad Olimpiya İdman Kompleksində, dekabrın 16-20-də Sumqayıt şəhəri, Abşeron, Qubadlı rayon müəllimləri Sumqayıt Olimpiya İdman Kompleksində, dekabrın 24-25-də isə Gəncə müəllimləri Gəncə Olimpiya İdman Kompleksində imtahan verəcəklər.

2016-cı ilin yanvarından həmin rayon və şəhər müəllimlərinin əmək haqlarının artırılması planlaşdırılır.

Qeyd edək ki, diaqnostik qiymətləndirilmə nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı tətbiq olunmaqla test üsulu ilə həyata keçirilir. Diaqnostik qiymətləndirilmə ümumi təhsil müəssisələrinin tədris planlarında nəzərdə tutulan fənlər üzrə təşkil edilir.

Qiymətləndirilmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 20 test tapşırığı verilir və hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Namizədlərə test imtahanının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt ayrılır.

Diaqnostik qiymətləndirilmədə iştirak edərək test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab verən müəllimlər Azərbaycan Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli sərəncamına uyğun olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar.

Qiymətləndirilmədə iştirak edən müəllimlərin aylıq vəzifə maaşı həftəlik dərs yükünə müvafiq olaraq artırılır.

Təhsil müəssisələrinin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınır.

Diaqnostik qiymətləndirilmədə iştirak edərək hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş müəllimlər diaqnostik qiymətləndirilmədən keçmiş müəllim hesab olunmur və peşəkar ehtiyacları nəzərə alınaraq onlar üçün ixtisasartırma təlimləri təşkil olunur.

Son xəbərlər

Orphus sistemi