BSU-nun rektoru: "Əminəm ki, konfransımızın nəticələri uğurlu olacaq"

BSU-nun rektoru: "Əminəm ki, konfransımızın nəticələri uğurlu olacaq" "Konfransda 19 ölkədən 65 xarici qonaq iştirak edir"
Elm və təhsil
5 May , 2015 18:06
BSU-nun rektoru: Əminəm ki, konfransımızın nəticələri uğurlu olacaq

Bakı. 5 may. REPORT.AZ/ ""Azərbaycanşünaslığın aktual problemləri" konfransı ulu öndərin anadan olmasının 92-ci ildönümünə həsr olunub. Tədbirin əsas əhəmiyyəti müxtəlif xarici ölkələri, o cümlədən Azərbaycanın nüfuzlu və gənc alimlərini bir daha ulu öndərin zəngin irsinin öyrənilməsinə və təbliğinə cəlb etməkdir". Bunu "Report"a BSU-nun rektoru, professor Asif Hacıyev deyib.

O bildirib ki, konfransın müasir Azərbaycan gerçəkliklərinin dünyada tanıdılması və təbliğ olunması sahəsində böyük əhəmiyyəti var: "Müasir Azərbaycanın həyatının həm siyasi, həm ictimai, həm də mənəvi həyatının bir sıra sahələrini əhatə edən məsələləri burada müzakirə etmək çox səmərəli və məqsədəuyğun olacaq. Hər bir universitet təhsil müəssisəsidir, bu səbəbdən də ulu öndərin misilsiz və əvəzolunmaz irsi, onun fəaliyyəti haqqında belə bir tədbirlərin keçirilməsi gənc nəslin təlim-tərbiyəsində, peşəkar kimi yetişməsində böyük rol oynayan bir hadisədir. Hər il konfransa gələn qonaqların sayı artır, keçən il 45 qonaq gəlmişdi, bu il isə 19 ölkədən 65 xarici qonaq konfransda iştirak edir. Onların arasında dünyaca tanınan böyük alimlər, universitetlərin rektorları, ictimai xadimlər, müxtəlif elm sahələrinin dünyada nüfuzu olan nümayəndələri iştirak var".

A.Hacıyev deyib ki, konfrans üç gün davam edəcək: "Konfransın ikinci günü xarici qonaqlar Şəkiyə və Qaxa səfərə gedəcəklər. Məqsəd qonaqları həm memarlıq abidələri, həm də regionların müasir durumu, inkişafı ilə tanış etməkdir. Təbii ki, orada yaşayan ziyalılarla da görüşlər təşkil olunacaq. Əminəm ki, konfransımızın nəticələri də uğurlu olacaq, Azərbaycanın tanınmasında, təbliğində rol oynayacaq. Eyni zamanda, ulu öndərimizin, milli liderimiz Heydər Əliyevin zəngin irsinin daha da dərindən öyrənilməsinə və təbliğatına müəyyən köməyi dəyəcək".

Rektor qeyd edib ki, konfrans Bakı Slavyan Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə iştirakı ilə hazırlanıb.

Qeyd edək ki, bu gün BSU-da "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda VI beynəlxalq elmi konfrans başlayıb.

Son xəbərlər

Orphus sistemi