Bakı. 20 noyabr. REPORT.AZ/ “Azərbaycan universitetlərində elm maliyyələşdirilməlidir. Ölkədə 1800 elm işçi var ki, onlardan 1200-ü ali məktəblərdə çalışır. Bu halda elmin inkişafı vəsait tələb edir”.
“Report” xəbər verir ki, bunu deputat, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov Milli Məclisin plenar iclasındakı çıxışı zamanı deyib.
A.Məhərrəmov bir neçə təkliflə çıxış edərək deyib ki, elmi dərəcələrə görə əmək haqları artırılmalıdır: "“Elm haqqında" qanun təcili qəbul olunmalıdır. Tələbələrə kreditlərin verilməsi ləğv olunsun. Magistraturaya qəbul olan tələbələrə həqiqi hərbi xidmətdən möhlət hüququ verilməlidir”.
O, təklif edib ki, təhsil sahəsində himayədarlar şurası yaradılsın: "Bəzi xarici dövlətlərdə belə bir təcrübə var. Bunlar sahibkarları universitetlərə kömək etməyə cəlb edirlər”.