Bazar günü magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsi keçiriləcək

Bazar günü magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsi keçiriləcək İmtahanda iştirak etmək üçün 23 230 bakalavr ərizə təqdim edib
Elm və təhsil
20 Fevral , 2015 15:49
Bazar günü magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsi keçiriləcək

Bakı. 20 fevral. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) fevralın 22-də 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirəcək. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.

İmtahan respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində ümumilikdə 38 imtahan mərkəzində aparılır. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır.

Xatırladaq ki, ərizə verən bakalavrlar imtahanda iştirak etmək üçün TQDK-nın internet saytına daxil olaraq iş nömrəsi və şifrlərindən istifadə etməklə "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər. Burada bakalavrların imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur. Bakalavrlar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini və "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni mütləq özləri ilə gətirməlidirlər.

Qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 3-dən 12-dək aparılıb. İmtahanda iştirak etmək üçün 23 230 (ötən il 24 560) bakalavr ərizə təqdim edib. Onlardan 20 706 nəfəri Azərbaycan bölməsi, 2 524 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 10 913 nəfəri oğlan, 12 317 nəfəri isə qızlardır. Bakalavrlardan 11 620 nəfəri cari ilin məzunları, 11 610 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 50 nəfər xarici ölkə vətəndaşıdır. İmtahanda iştirak edəcək ən yaşlı bakalavr 1957-ci il təvəllüdlü, ən gənc isə 1996-ci il təvəllüdlüdür.

Qəbul imtahanı Bakı şəhərində 30, Gəncə şəhərində 4, Naxçıvan, Mingəçevir, Şəki və Lənkəran şəhərlərinin hər birində 1 binada təşkil olunacaq. Bakıda 19 521, Naxçıvanda 535, Gəncədə 1 975, Mingəçevirdə 424, Şəkidə 355, Lənkəranda isə 420 bakalavrın imtahan verəcəyi gözlənilir.

İmtahanın idarə olunmasına 161 imtahan rəhbəri, 1 759 nəzarətçi-müəllim cəlb olunacaq. 

Son xəbərlər

Orphus sistemi