BANM-in Prezident təqaüdçüsü: “Ən böyük arzum Azərbaycanda tanınmış mühəndis olmaqdır”

BANM-in Prezident təqaüdçüsü: “Ən böyük arzum Azərbaycanda tanınmış mühəndis olmaqdır” “Maraqlı məlumatlar əldə etməyi çox sevirəm və bunun üçündə boş vaxtlarımda adətən kitab oxuyuram”
Elm və təhsil
28 Oktyabr , 2016 12:23
BANM-in Prezident təqaüdçüsü: “Ən böyük arzum Azərbaycanda tanınmış mühəndis olmaqdır”

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan I kurs tələbəsi Mustafa Ağayev “Prezident təqaüdcüsü danışır” rubrikasında Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı ilə həmsöhbət olub. 

"Report" həmin müsahinəni təqdim edir:

- 1999-cü ildə Ağcabədi rayonu Qaravəlli kəndində anadan olmuşam. 2005-ci ildə Bakı şəhəri Nizami rayonu 70 N-li pilot liseyə daxil olmuşam. 2007-ci ildən təhsilimi Xətai rayonunda yerləşən 64 N-li orta məktəbdə davam etdirmişəm, sonra 2010-cu ildə Bakı şəhəri Nizami rayonu 250 N-li tam orta məktəbdə təhsilimi davam etdirdim. 2014-cü ildə ailə vəziyyətimizlə bağlı olaraq təhsilimi Ağcabədi şəhəri Ş.Məhərrəmov adına Qaravəlli kənd tam orta məktəbində davam etdirmişəm. 2016-cı ildə məktəbi bitirmişəm və 690 balla Bakı Ali Neft Məktəbinə qəbul olmuşam. Prezident təqaüdçüsüyəm.

- Niyə məhz BANM-i seçdin?

- İlk növbədə, mühəndisliyə qarşı olan marağım bu ixtisası seçməyimə səbəb oldu. Eyni zamanda, BANM-dəki təhsilin keyfiyyəti, müəllimlərin peşəkar və təcrübəli olması məni bu Ali Məktəbi seçməyə vadar etdi.

- Qəbul imtahanınızla bağlı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?

- Həyatın hər bir anı maraqlıdır. O maraqlı anlardan biri də abituriyent həyatıdır. Təbii ki, hər bir abituriyentin arzusu olduğu kimi mənim də arzum tələbə olmaq idi. Baxmayaraq ki, qarşımda müəyyən çətinliklər dururdu, amma mən bu çətinliklərə sinə gərməyi bacardım və Ali Məktəbə daxil oldum.

- Ən böyük arzun nədir?

- Mənim ən böyük arzum ailəm üçün,Vətənim üçün xeyirli vətəndaş kimi yetişmək və Azərbaycanda tanınmış mühəndis olmaqdır. Mən inanıram ki, bu istəyimə nail olacam.

- İxtisasın haqqında nə bilirsən?

- İxtisasım kompüter sahəsinə aid olan bir elmdir. Hər bir şirkət öz gəlirlərini artırmaq üçün çıxış yolları axtarır. Proseslərin avtomatlaşdırılması mühəndisləri məhz bu yolları axtarır və tapır.

- Başqa hansı maraqların var?

- Maraqlı məlumatlar əldə etməyi çox sevirəm və bunun üçündə boş vaxtlarımda adətən kitab oxuyuram. Indiyə qədər oxuduğum kitabların əksəriyyəti detektiv janrdadır. Digər marağım isə, komediya janrında olan filmləri seyr etməkdir.

Son xəbərlər

Orphus sistemi