BANM-də Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan tədbir keçirilib

BANM-də Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan tədbir keçirilib Tədbirin sonunda Ali Məktəbin tələbələri tərəfindən ingilis dilində hazırlanan "Xocalı soyqırımı"na həsr olunan videoçarx nümayiş olunub
Elm və təhsil
25 Fevral , 2015 16:31
BANM-də Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan tədbir keçirilib

Bakı. 25 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan tədbir keçirilib. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan Xocalı soyqırımı XX əsrin insanlığa qarşı törədilmiş ən qəddar və ən dəhşətli cinayətidir: "Xocalı soyqırımı ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilən tək müsibət deyil. Bu soyqırımı törədən insanlar bu gün Ermənistan dövlətinin siyasi elitasını təmsil edənlərdir. Bu isə erməni millətinin hansı insani dəyərlərə və keyfiyyətlərə mənsub olduqlarının ən böyük göstəricisidir. Ölkə başçısı İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan xalqının güclü iradəsi nəticəsində Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınacaq və bu cinayəti törədən şəxslər tarix və qanun qarşısında öz əməllərinə görə cavab verəcəklər".

Tədbirdə iştirak edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, Azərbaycan dövləti və xarici ölkələrdə fəaliyyət göstərən diplomatik korpusları və diaspor təşkilatları tərəfindən Xocalı soyqırımının tanıdılması ilə bağlı dəfələrlə və bu gün də beynəlxalq təşkilatlara müraciət edilib: "Bu səylər nəticəsində artıq bir çox dünya dövlətlərinin parlamentləri Xocalı faciəsini soyqırım kimi tanıyıb. Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi qiymətin verilməsi ölkə üçün taleyüklü məsələdir. Bu gün dünyada silahlar deyil, beyinlər savaşır, yəni dünyada top-tüfəng deyil, informasiya müharibəsi gedir və bu müharibənin açdığı yaralar daha dərin və təhlükəlidir. Bunun üçün Azərbaycan xalqının savadlı, milli kimliyinə, dəyərlərinə və tarixinə sahib çıxan gənclərə ehtiyacı var. Ona görə də gənclər Xocalı faciəsinin dünyada tanıdılmasında aktiv olmalıdır". 

Tədbirin sonunda Bakı Ali Neft Məktəbinin tələbələri tərəfindən ingilis dilində hazırlanan "Xocalı soyqırımı"na həsr olunan videoçarx nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi