​BANM-də Böyük Britaniya şirkətinin təlim mərkəzi yaradılacaq

​BANM-də Böyük Britaniya şirkətinin təlim mərkəzi yaradılacaq Böyük Britaniyanın ABB Ltd şirkətinin nümayəndələri Bakı Ali Neft Məktəbində olub
Elm və təhsil
17 Avqust , 2016 11:56
​BANM-də  Böyük Britaniya şirkətinin təlim mərkəzi yaradılacaq

Bakı. 17 avqust. REPORT.AZ/ Böyük Britaniyanın ABB Ltd şirkətinin neft, qaz və kimyəvi maddələr üzrə marketinq meneceri Vil Leonard və ABB Azərbaycan şirkətinin nümayəndələri Bakı Ali Neft Məktəbində (BANM) olub və Ali Məktəbin rektoru Elmar Qasımovla görüşüb.

Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə rektor Elmar Qasımov qonaqlara BANM-in fəaliyyəti, beynəlxalq əlaqələri, qısa müddət ərzində əldə etdiyi nailiyyətləri və yeni kampusu haqqında məlumat verib. O, 2016/2017-ci tədris ili üçün keçirilən 1-ci ixtisas qrupları üzrə qəbul imtahanında üç 700 bal toplayan abituriyentin Ali Neft Məktəbini seçdiklərini deyib. E.Qasımov BANM-in yeni kampusunda aparılan tamamlama işləri haqqında da danışıb. Rektor qonaqlara kampusda yaradılan və ABB şirkətinin avadanlıqları və simulyasiya vasitələri ilə tam təchiz olunan Təlim Mərkəzində aparılan tamamlama işlərinin gedişatını müzakirə edib və kampusun açılışına qədər Təlim Mərkəzin istifadəyə veriləcəyini qeyd edib.

Böyük Britaniyanın ABB Ltd şirkətinin neft, qaz və kimyəvi maddələr üzrə marketinq meneceri Vil Leonard təmsil etdiyi şirkət adından BANM-lə əməkdaşlıq etməkdən məmnunluğunu bildirərək bundan sonra da əməkdaşlığın yüksələn xətt üzrə inkişaf edəcəyindən əminliyi ifadə edib. O, gələcəkdə BANM-in kampusunda yaradılan Təlim Mərkəzində tələbələr və müəllimlər üçün ABB şirkətinin texnologiyalarının tətbiqi əsasında təlimlərin keçirilməsi və tədqiqatların aparılması imkanının olacağını bildirib.

Görüşdə həmçinin qarşılıqlı əməkdaşlığın digər istiqamətləri və perspektivləri müzakirə olunub. 

Son xəbərlər

Orphus sistemi