Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 2 fevral Gənclər günü münasibəti ilə paytaxtın bir sıra məkanlarında kitabpaylama aksiyası keçirib.
Bu barədə "Report"a Fondun informasiya təminatı sektorundan bildirilib.
Bilik Fondunun "Ev Kitabxanası" layihəsi çərçivəsində planlaşdırılan "Oxuyaq - oxudaq" adlı aksiyada gənclərə yaşıdları olan yazarların kitabları hədiyyə edilib. Fondun Könüllülər Birliyinin iştirakı ilə keçirilən aksiyanın orijinallığı kitabların paylandığı məkanlarla bağlıdır.
Belə ki, aksiya planlaşdırılarkən belə qərara alınıb ki, əsasən iaşə xidməti sahəsində çalışanlar mütaliə mühitindən uzaq düşdüklərinə görə, kitablar bu zümrədən olan gənclərə paylansın.
Aksiya tikinti materialları satılan "Dərnəgül" bazarından başlayıb.
Yeməkxanalarda və yanacaqdoldurma məntəqələrində davam etdirilib, market satıcıları, taksi və avtobus sürücüləri də aksiyaya cəlb olunub.