Bakıətrafı qəsəbələrdə məktəblər lisey-gimnaziyalara çevrilə bilər

Bakıətrafı qəsəbələrdə məktəblər lisey-gimnaziyalara çevrilə bilər Məhəbbət Vəliyeva: "Şagirdlərin sayı azalan məktəblər müşahidə olunarsa, onlar da rasionallaşdırılacaq"
Elm və təhsil
17 Oktyabr , 2016 16:20
Bakıətrafı qəsəbələrdə məktəblər lisey-gimnaziyalara çevrilə bilər

Bakı. 17 oktyabr. REPORT.AZ/ “Gələcəkdə Bakıətrafı qəsəbələrdə bəzi məktəblər lisey-gimnaziyalar kimi fəaliyyət göstərə bilər”.

“Report”un məlumatına görə, bunu jurnalistlərə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, bu gün üçün məktəb şəbəkəsinin rasionallaşdırılması ilə bağlı təkliflərə birtərəfli baxılmır: “Təbii ki, 161 nömrəli məktəbin fəaliyyətinin dayandırılmasının əsas səbəbi həmin ərazidə şagird kontingentinin azlığından irəli gəlir. Keçmiş “Sovetski” adlanan ərazidə söküntü işləri aparıldığından əhalinin böyük bir qismi oradan köçürülüb. Adıçəkilən məktəbdə şagird kontingentinin sayı da azalmışdı. Gələcəkdə də bizdən asılı olmayan səbəbdən hansısa ərazidə şagirdlərin sayı azalan məktəblər müşahidə olunarsa, onlar da eyni qayda ilə rasionallaşdırılacaq”.

M.Vəliyeva qeyd edib ki, bu gün lisey-gimnaziyalar əsasən Bakının məktəbində fəaliyyət göstərir: “Rasionllaşdırmaya həmçinin bu nöqteyi-nəzərdən yanaşırıq ki, gələcəkdə ətraf qəsəbələrdə də bəzi məktəblərin tipi dəyişərək lisey-gimnaziyalar kimi fəaliyyət göstərsin”.

İdarə müdiri Bakıdakı bir çox məktəblərdə şagird sıxlığının olması məsələsinə də toxunaraq Təhsil Nazirliyinə müvafiq təkliflərlə müraciət edildiyini vurğulayıb: "Şagird sıxlığı olan ərazidə əhalinin sıxlığı da müşahidə olunur. Bu problemin həlli də yalnız təhsildən asılı deyil. Elə məktəblər də var ki, orada şagird azlığı müşahidə edilir. Həmin məktəblərdə xüsusi pilot və təhsildən irəli gələn digər layihələrin vasitəsilə şagird axınının gücləndirilməsi məqsədi ilə işlər görülür”.

Son xəbərlər

Orphus sistemi