Bakıda Türk Dünyası Kitabxanaları Birliyi yaradılacaq

Bakıda Türk Dünyası Kitabxanaları Birliyi yaradılacaq AMEA Mərkəzi Elmi Kitabxanasının oxuculara istifadəyə verilməsinin 1 illik Hesabat Konfransı keçirilib
Elm və təhsil
27 Sentyabr , 2016 19:57
Bakıda Türk Dünyası Kitabxanaları Birliyi yaradılacaq

Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) oxuculara istifadəyə verilməsinin 1 illik Hesabat Konfransı keçirilib.

"Report" xəbər verir ki, tədbirdə AMEA rəhbərliyi, jurnalistlər və MEK əməkdaşları iştirak ediblər.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək MEK-i AMEA-nın əsas strukturu kimi xarakterizə edərək, onu ən qabaqcıl, inkişaf etmiş elmi kitabxana adlandırıb. O bildirib ki, Prezident İlham Əliyevin iştirakı ilə keçirilən açılış mərasimindən sonra kitabxana böyük inkişaf yolu keçib. 

Çıxışda qeyd edilib ki, kitabxana həm AMEA-nın islahatlar mərkəzi, həm də elm mərkəzidir. O, gələcəkdə MEK-in daha böyük statusa layiq görülməsi üçün çalışacaqlarını açıqlayıb. Vitse-prezident bu ilin sonunda Bakıda Türk Dünyası Kitabxanaları Birliyinin yaradılacağını elan edib. 

Sonar çıxışda Milli Rəqəmsal Yaddaş layihəsinə, klassik fond anlayışının virtual fond anlayışına dəyişməsindən, vikipedia təlimlərindən geniş bəhs edilib. İ.Həbibbəyli MEK-də nadir kitabların bərpası işləri üçün əlavə ştat açılacağını qeyd edib, MEK-in beynəlxalq əlaqələrindən, elektron vasitələrinin qurulmasından da razılıqla söz açaraq AMEA rəhbərliyinin hesabatı məqabul saydığını vurğulayıb.

Konfransda Mərkəzi Elmi Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova bir il ərzində görülmüş işlər, əldə olunan nəticələr və gələcək prespektivlər barədə geniş hesabat nitqi söyləyib. O, 2015-ci ilin sentyabr ayında MEK-in açılış tədbirində o zaman üçün əldə edilmiş nəticələri tezis formasında səsləndirib: “Cəmi 7 aya kitabxana fondları əsas binadan yeni binaya köçürülüb və 3 aya istifadəçilərin xidmətinə hazırlanıb, şöbələr yenidən quruldu, bir sıra layihələr həyata keçirildi, iki dildə fəaliyyət göstərən sayt istifadəyə verilib”.

L.İmanova bildirib ki, 2015-ci ilin oktyabr ayında Mərkəzi Elmi Kitabxana 2016–2019-cu illər üçün beş əsas strateji hədəf müəyyən edib: Vahid idarəetmə sisteminin tam hazırlanıb istifadəyə verilməsi; Milli rəqəmsal yaddaş bazasının işlək vəziyyətə gətirilməsi; peşəkar heyətin formalaşması; beynəlxalq əməkdaşlığın və ictimaiyyətlə əlaqələrin qurulması; informasiya təhlükəsizliyinin ən yüksək səviyyədə təmin olunması.

O, milli rəqəmsal yaddaş layihəsinin Azərbaycan üçün önəmindən və bu işin kitabxanada uğurla icra olunmasından söz açıb. Milli rəqəmsal yaddaş bazasının Azərbaycan hüdudlarından kənarda formalaşan materiallar ilə zənginləşdirildiyi, bu işlərdə Azərbaycanın Polşa və Macarıstandakı səfirliklərinin, eləcə də Los-Anceles şəhərindəki konsulluğunun MEK ilə əməkdaşlığı qeyd edilib. Bildirilib ki, e-resurslar geniş çeşiddə və yeni keyfiyyətdə istifadəyə verilib, elektron resurslara oxu zallarından rahat çıxış təmin olunub. 

Hesabat çıxışında MEK-ə daxil olan unikal nüsxələrin, kolleksiyaların, yubileyi keçirilən mütəfəkkirlərin sənədlərinin rəqəmsallaşdırılması və yaddaş bazasında sistemli şəkildə saxlanılması iştirakçıların nəzərinə çatdırılıb. Bildirilib ki, ilk dəfə məhz yerli, MEK proqramçıları tərəfindən hazırlanmış Vahid qeydiyyat sistemi tətbiq olunub. AMEA-nın 15 müəssisəsinin kitabxana və fond rəhbərlərinə “Elmi-intellektual baza”nın formalaşdırılması üçün “Vahid qeydiyyat sistemi” mövzusunda təlim keçirilmiş, nəticədə 13 institutun kitabxanasında yeni qeydiyyat sistemi tətbiq olunmağa başlamışdır. “Vikipediyada məqalələrin yerləşdirilməsi” mövzusunda AMEA-nın 21 təşkilatına keçirilən təlimdən bəhs olunub.

Direktor kitabxananın beynəlxalq əməkdaşlığının və ictimaiyyətlə əlaqələrinin yeni məcraya keçməsini, media ilə əlaqələrin operativliyini, www.mek.az saytının üç dildə istifadəyə verilməsini, sosial şəbəkələrdə fəallığın artmasını vurğulayıb. Çıxışda ali təhsil müəssisələrinin tələbələri və AMEA institutlarının əməkdaşları ilə keçirilən təlim və təcrübə mübadiləsindən ətraflı bəhs olunub. MEK-in özünün və digər müəssisələrin kitabxanada keçirdiyi 200-dən çox tədbirdən, oxucuların istifadəsinə verilmiş elektron resurslardan, oxucuların və fondlarda olan kitab, jurnal, xəritə, avtoreferat və s. sayından, xarici kitabxanalarla aparılmış mübadilədən də bəhs edilib.

O, çıxışında müvafiq səhiyyə qurumları ilə əməkdaşlıq nəticəsində ödənişsiz səhiyyə xidmətləri, peşə xəstəliklərinin profilaktikası, ödənişsiz diaqnostik müayinələr – onkoloji, oftalmoloji, stomatoloji və endokrinoloji xəstəliklərin aşkarlanması - üçün 1117 müayinə və konsultasiya aparıldığını, əməkdaşların iş vaxtlarına və sosial xərcləmələr büdcəsinə 20.000 AZN-dən çox qənaət edildiyini vurğulayıb.

Hesabatda oxucu zövqünün formalaşması, cəmiyyətdə mütaliə meylinin artması, kitabxana fondlarının məqsədyönlü zənginləşdirilməsi məqsədilə həyata keçirilən “Paralel sorğu”, “Açıq kitabxana” layihələrindən də bəhs olunub.

L.İmanova perspektivdə nəzərdə tutulan işlərə diqqət çəkib: “Üçnövbəli xidmətə keçid, media ilə gündəlik kommunikasiyanın onlayn avtomat rejimə keçirilməsi, Vahid İdarəetmə Sisteminin müəyyən komponentlərinin sayt ilə sinxronlaşdırılması, kitabxana həyatından MEK-in saytına canlı yayım, elektron kataloqun sayta çıxarılması, VİS-DOC elektron sənəd dövriyyəsi üçün nəzərdə tutulan platformanın hazırlanması və növbəti inkişaf mərhələsinə keçid edilməsi kimi işlər nəzərdə tutulub”.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, türkoloq Güllü Yoloğlunun çıxışından sonra MEK direktoru Leyla İmanova sualları cavablandırıb.

Son xəbərlər

Orphus sistemi