Günəş və kosmik hava tədqiqatları üzrə problemlər müzakirə olunur

Günəş və kosmik hava tədqiqatları üzrə problemlər müzakirə olunur "Günəş və Günəş-tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havaya qədər" adlı konfrans başlayıb
Elm və təhsil
6 İyul , 2015 10:29
Günəş və kosmik hava tədqiqatları üzrə problemlər müzakirə olunur

Bakı. 6 iyul. REPORT.AZ/ Bakıda "Günəş və Günəş-tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havaya qədər" adlı beynəlxalq konfrans başlayıb. "Report" xəbər verir ki, tədbirdə Danimarka, Fransa, Almaniya, ABŞ, Rusiya, Ukrayna, İsrail, Bolqarıstan, İngiltərə, Özbəkistan və Gürcüstanın dünya miqyasında tanınan alimləri dəvətli məruzəçilər qismində iştirak edirlər.

Konfransın təşkilatçısı olan Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevin sözlərinə görə, son onilliklər ərzində Azərbaycanda Günəş fizikası üzrə belə bir mühüm tədbir ilk dəfədir keçirilir.  

O bildirib ki, kosmik texnologiyaların sürətli inkişafı Günəş fizikası və Günəş-Yer əlaqələri sahəsində də mühüm dəyişikliklərə və tamamilə yeni baxışlara gətirib çıxarıb, bu sahələri müasir elmin ən dəbdə olan istiqamətlərinə çevirib: "Bugünkü tədbir azərbaycanlı və xarici alimlər arasında əməkdaşlıq əlaqələri qurmağa, birgə tədqiqatlar aparmağa, xüsusilə, gənc kadrların hazırlanmasına zəmin yaradacaq. Nəzərə almaq lazımdır ki, astronomiya sahəsində kadr hazırlığı uzun sürən və mərhələli prosesdir. Bu iş elmi tədqiqatlara paralel olaraq aparılmalıdır".

E.Babayev qeyd edib ki, son illər azərbaycanlı alimlər həm Günəş, həm də kosmik hava təsirləri-Günəş və geomaqnit fəallığının və kosmik şüalar selinin texnoloji sistemlərə, bioloji strukturlara, o cümlədən, insan sağlamlığına təsiri və s.üzrə intensiv tədqiqatlar aparır, dünyanın bir sıra ölkələrindən olan həmkarları ilə effektiv əməkdaşlıq edirlər: "Alimlərimizin elmi məqalələri yüksək impakt faktorlu, indekslənən xarici jurnallarda dərc olunur, onlarla istinadlar verilir. Şamaxı Astrofizika Rəsədxanasında Günəş teleskopları modernləşdirilir, “Kosmik Hava Mərkəzi” formalaşdırılır".

Xatırladaq ki, 2 gün davam edəcək konfransda Günəşin daxili qatlarını xüsusi nəzəri və eksperimental yollarla tədqiq edən modern elm sahəsi – helioseysmologiya/astroseysmologiya üzrə bir sıra mühüm məruzələr dinləniləcək. Günəşdə rəqslər və dalğalar, Günəşin yerüstü və kosmik üsullarla eksperimental tədqiqi, Günəş fəallığı, Günəş plazması, Günəş alışmaları, Günəş neytrino problemi, Günəş küləyi, Günəşin maqnit sahəsi və s. üzrə çıxışlar olacaq, müzakirələr aparılacaq. Bir neçə məruzə Günəş və kosmik şüalar fəallığının Yer üzərində iqlimin formalaşmasına, həmçinin texnoloji sistemlərə və insan sağlamlığına təsirinə həsr olunacaq.

Qeyd edək ki, konfrans materiallarının rəydən keçdikdən sonra nəfis kitab şəklində çapı planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi