Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri valideynlərə çağırış edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri valideynlərə çağırış edib Məhəbbət Vəliyeva: "Məktəb icmaları layihəsi məktəb-valideyn münasibətlərinin möhkəmlənməsi baxımından əhəmiyyətlidir"
Elm və təhsil
8 Yanvar , 2016 11:12
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri valideynlərə çağırış edib

Bakı. 8 yanvar. REPORT.AZ/ "Valideyn məktəb əməkdaşlığı təhsil prosesində hər zaman vacib faktordur".

"Report" xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

O qeyd edib ki, valideynlər uşaqlarının məktəbə getməsini səbrsizliklə gözləyirlər və daim həyəcan yaşayırlar: "Uşağın uğurları valideynin bayramına çevrilir. Ona görə də məktəb və valideynlər arasında qurulan düzgün mexanizm ən vacib məsələlərdəndir".

İdarə müdiri bildirib ki, valideynləri məktəbin bütün işlərində görmək yaxşı olardı: "Bununla bağlı, düzgün mexanizmlər işlənib hazırlanmalıdır ki, münasibətlər düzgün şəkildə və istiqamətdə qurulsun. Münasibətlər nə qədər sıx və davamlı olsa, uşağın gələcək taleyi bir o qədər yaxşı olar. Həmçinin uşağın gələcəkdəki düzgün və səmərəli həyatında məktəb də öz üzərinə düşən işi layinqincə yerinə yetirilməlidir. Ona görə də bu məsələyə yeni prizmadan yanaşmaq lazımdır. Təəssüf ki, münasibətlər düzgün tənzimlənmədiyindən məktəbdə valideynlərin davamiyyəti azalır, hətta onların valideyn iclaslarına gəlməmək kimi halları da az müşahidə olunur. Bu səbəbdən də uşaqlar təhsil problemlərinin içərisində təkbaşına qalır. Valideyn məktəb illərinin ən gözəl mərhələsində övldanın yaşadığı xoş anların şahidi olmaq imkanını itirir. Məktəb icmaları layihəsi də, məhz bu münasibətlərin möhkəmlənməsi baxımından əhəmiyyətlidir".

O vurğulayıb ki, hazırda məktəbdə uşaqların məktəbdənkənar fəaliyyətlərində özləri təşəbbüskar kimi çıxış edirlər: "Ehtiyacı uşaqlar səsləndirməli, biz də onlara kömək etməliyik. Bu məsələdə həm də valideynlərin birgə işini də görmək istərdik. Üstünlük odur ki, bu zaman fikir çoxluğu meydana gələ bilər. Eyni zamanda, fəaliyyət zənginləşir. Bu və ya digər mənada məktəbin, sinfin işinin formalaşmasında şəffaflıq ortaya çıxır. Etibarlılığa zəmin yaratmaq çox çətindir".

M.Vəliyeva əlavə edib ki, ailədə uşağın tək olmasının üstünlüyü olsa da, müəyyən problem də yaranır: "Valideyn düşünməlidir ki, şagird məktəbdə mürrəkəb münasibətlər sisteminə qoşulur. Başqalarının hörmətini, rəğbətini qazanmaq üçün valideynlər öz uşaqlarına düzgün tərbiyə etməlidirlər. Çünki uşaqlar məktəblərdə daim ünsiyyət problemi ilə qarşılaşırlar. Məktəb tərəfindən yardılan hər bir şərait uşaqlarda yeni bacarıqlar formalaşdırır. Uşaq yaşlarında məktəb illərində uşaqların hər zaman valideynə ehtiyacı olur. Valideyn gərək bu illərdə məktəb fəaliyyəti ilə yaxından tanış olsun. Əsas problem odur ki, hələ də cəmiyyətdə valideyn institutları formalaşmayıb. Bu da çatışmazlıqdır. Yaxşı valideyn olmaq üçün insan öz üzərində çox çalışmalıdır. Düşündüyümüzdən də çətin vəzifədir valideyn olmaq". 

Son xəbərlər

Orphus sistemi