​Bakı Ali Neft Məktəbində "Texniki yaradıcılığa maraq" sərgisi keçirilib

​Bakı Ali Neft Məktəbində "Texniki yaradıcılığa maraq" sərgisi keçirilib Sərgi "Gənc mühəndislər" və "Badamdar" klublarının, eləcə də "Gənc mühəndislərin İnkişafı" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub
Elm və təhsil
23 Fevral , 2015 10:36
​Bakı Ali Neft Məktəbində Texniki yaradıcılığa maraq sərgisi keçirilib

Bakı. 23 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) şagirdlərin və tələbələrin texniki yaradıcılığına həsr olunan "Texniki yaradıcılığa maraq" sərgisi keçirilib. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov mühəndis kadrların hazırlanmasında nəzəri biliklərin təcrübə ilə vəhdətinin təmin olunduğunu qeyd edib: "Orta məktəblərin yuxarı sinif şagirdlərini texniki yaradıcılığa cəlb etmək, onlarda mühəndislik fəaliyyətinə həvəs oyatmaq və gələcəkdə texniki ali məktəblərdə təhsil almağa sövq etmək məqsədilə "Gənc mühəndislər" klubu yaradılıb. Sərgi klubun fəaliyyətinin canlandırılmasına xidmət edəcək, şagirdlərdə və tələbələrdə texniki yaradıcılığa böyük həvəs oyadacaq".

Bakı Ali Neft Məktəbinin "Neft-qaz mühəndisliyi" ixtisasının 3-cü kurs tələbəsi Rəsul Səmədzadə "Badamdar" klubunda öz texniki yaradıcılıq işlərindən danışıb. O, bu işlərin mühəndislik təfəkkürünün inkişafı üçün çox vacib olduğunu vurğulayaraq, orta məktəb şagirdlərini və tələbələri tədbirin iştirakçıları olan klubların fəaliyyətinə qoşulmağa çağırıb.

"Gənc mühəndislərin İnkişafı" İctimai Birliyinin sədri Polad Rüstəmov təmsil etdiyi qurumun fəaliyyətinin BANM-in "Gənc mühəndislər" klubunun və "Badamdar" klubunun fəaliyyət istiqamətləri ilə tam uzlaşdığını bildirib.

“Badamdar” klubunun rəhbəri Elçin Abbasov rəhbərlik etdiyi klubun fəaliyyətinin əsas uğurları haqqında danışaraq, gənclərlə texniki yaradıcılıq işinin təşkili ilə bağlı fikirlərini bölüşüb.

Daha sonra BANM-in həyətində hərəkət edən və uçan müxtəlif modellər tədbir iştirakçılarına nümayiş etdirilib.

Qeyd edək ki, sərgi BANM-in tələbələrindən ibarət "Gənc mühəndislər" və "Badamdar" klublarının, eləcə də "Gənc mühəndislərin İnkişafı" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Son xəbərlər

Orphus sistemi