Bakı. 27 iyul. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) “Açıq qapı günü” keçirilib. Bu barədə “Report”a BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
1-ci ixtisas qrupu üzrə qəbul imtahanında 600-dən yüksək bal toplayan abituriyentlər və onların valideynləri ilə görüşən BANM-in rektoru Elmar Qasımov onları salamlayıb və imtahanda göstərdikləri yüksək nəticəyə görə ürəkdən təbrik edib.
İlk olaraq, E.Qasımov tədbir iştirakçılarını Ali Məktəbin fəaliyyəti haqqında ətraflı məlumatlandırıb. O bildirib ki, BANM-in yaradılmasında əsas məqsəd Azərbaycanda beynəlxalq standartlara, həmçinin sənayenin müasir tələblərinə cavab verən ingilis dilli yüksək ixtisaslı kadrların hazırlanmasıdır. Müasir dövrdə dünya əmək bazarında ən çox mühəndis kadrlara tələbat olduğunu vurğulayan E.Qasımov bu peşəyə yiyələn abituriyentlərin BANM-də oxuyaraq gələcəkdə dünyanın ən iri neft-qaz şirkətlərində karyera qurmaq imkanı qazanacaqlarına və ən tələb olunan kadrlar olacaqlarına əminliyini ifadə edib. BANM-də BP, Statoil, Halliburton, Emerson, IBM və dünyanın bir sıra nüfuzlu digər neft-qaz şirkətlərinin tələblərinə uyğun kadr hazırlandığını qeyd edən rektor bildirib ki, Ali Məktəbin bir sıra tələbələrinin indidən belə şirkətlərə işə dəvət olunması artıq BANM-in nüfuzunun və uğurlarının göstəricisidir.
E.Qasımov
Görüşdə iştirak edən BANM-in tələbələri abituriyentlərlə oxuduqları təhsil müəssisəsində verilən yüksək keyfiyyətli təhsil, tələbə həyatı və müxtəlif şirkətlərdə keçdikləri istehsalat təcrübəsi haqqında təəssüratları və fikirləri ilə bölüşüblər.
Görüş çərçivəsində rektor Elmar Qasımov və tələbələr abituriyentləri və onların valideynlərini maraqlandıran sualları cavablandırıblar.
Sonda abituriyentlər və valideynlər keçirilən səmərəli və səmimi görüşə görə BANM-in rəhbərliyinə təşəkkürlərini bildiriblər.