Azərbaycanın ucqar yerlərində çalışacaq müəllimlərin maaşı açıqlanıb

Azərbaycanın ucqar yerlərində çalışacaq müəllimlərin maaşı açıqlanıb Ötən dərs ilində kənd məktəblərində 2552 yerə həvəsləndirmə tədbirləri tətbiq olunub
Elm və təhsil
19 Avqust , 2014 12:28
Azərbaycanın ucqar yerlərində çalışacaq müəllimlərin maaşı açıqlanıb

Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycanda rayon mərkəzindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislər ayda 315 manat əməkhaqqı alacaq. Bu barədə Report-a Təhsil Nazirliyindən bildirilib.

Əməkhaqqı artımı Nazirlər Kabinetinin “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” qərarına dəyişikliyi ilə bu il sentyabrın 15-dən tətbiq olunacaq.

Qərara əsasən, dövlət sifarişi üzrə ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 manat məbləğində kompensasiya veriləcək, rayon mərkəzlərindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə 3 il müddətində aylıq əmək haqqına ayda 100 manat məbləğində əlavə ödəniləcəkdir. Dəyişikliklərdən əvvəl həmin vəsaitlərin həcmi müvafiq olaraq 40 və 70 manat təşkil edirdi.

Nazirliyin məlumatına əsasən, hazırda yeni işə başlayan müəllimin bir stavka (12 saat) dərs yükü üçün aylıq əmək haqqı 155 manat təşkil edir. Kompensasiya və stimullaşdırıcı tədbirlər də əlavə ediləndən sonra əmək haqqı qeyd olunduğu kimi, 315 manat olacaq. Stavka artdıqca əmək haqqı da müvafiq olaraq artacaq.

Ötən dərs ilində kənd məktəblərində 2552 yerə həvəsləndirmə tədbirləri tətbiq olunub ki, bu da bütün vakant yerlərin 78 faizini təşkil edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə, həmçinin yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım da ödəniləcək.

Nazirlər Kabinetinin qərarında göstərilir ki, yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə kənd məktəblərində işə başlamış gənc mütəxəssislərin yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, onların daimi məskunlaşması üçün torpaq sahələrinin ayrılmasına köməklik göstəriləcək.

Son xəbərlər

Orphus sistemi