Azərbaycan Rusiya ali məktəbində oxuyanların sayına görə MDB ölkələri arasında 5-ci yeri tutur

Azərbaycan Rusiya ali məktəbində oxuyanların sayına görə MDB ölkələri arasında 5-ci yeri tutur 2013-2014-cü tədris ilində Rusiya ali məktəblərində Azərbaycandan olan 12843 tələbə təhsil alıb
Elm və təhsil
2 Sentyabr , 2014 12:33
Azərbaycan Rusiya ali məktəbində oxuyanların sayına görə MDB ölkələri arasında 5-ci yeri tutur
Bakı. 2 sentyabr. REPORT.AZ/ Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin 2014-cü ildə bu ölkənin ali məktəblərinə büdcə əsasında qəbul olunan azərbaycanlı tələbələrlə görüşüb. Bu barədə Report Rusiyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir. 

Səfir xatırladıb ki, Rusiya Federasiyasının (RF) büdcəsi hesabına bu ölkənin ali məktəblərində təhsil üçün dövlət təqaüdlərinin verilməsi proqramı artıq bir neçə ildir ki, həyata keçirilir. Bu proqram üzrə Rusiyaya 2009-cu ildə 123 azərbaycanlı tələbə gedib, 2010-cu ildə – 192, 2011-ci ildə – 141, 2012-ci ildə – 138, 2013-cü ildə – 139 nəfər gedib. Bu il Rusiya ali məktəblərinə 115 nəfər qəbul olunub. Daha 15 abituriyentin qəbulu haqqında qərar müzakirə edilir.

V.Doroxin qeyd edib ki, azərbaycanlı tələbələrin seçdiyi ali məktəblər geniş coğrafiyaya malikdir - Moskva, Sankt-Peterburq, Astraxan, Volqoqrad, Kazan, Kuban, Perm, Rostov, Ryazan, Samara, Saratov, Dağıstan Respublikasının ali məktəbləri. Hazırlıq istiqamətlərinə isə jurnalistika, linqvistika, filologiya, tarix, pedaqoji və sosioloji elmlər, informatika və hesablama texnikası, iqtisadiyyat, hüquqşünaslıq, pediatriya və müalicə işi, neft-qaz işi və s. daxildir.

"Mənim göstərdiyim bütün rəqəmlər Rusiyada ali təhsilin alınmasına böyük marağın, Azərbaycanda Rusiya diplomunun yüksək nüfuzunun olduğunu göstərir. Tələbələr yalnız büdcə əsasında deyil, öz təşəbbüsləri, şəxsi vəsaitləri ilə də oxumağa gedirlər. Rusiya azərbaycanlı mütəxəssislərin hazırlanmasında əsas xarici mərkəzlərdən biri olaraq qalır" - deyə, səfir tələbələrlə görüşdə bildirib. 

RF Təhsil və Elm Nazirliyinin məlumatlarına əsasən, 2013-2014-cü tədris ilində Rusiya ali məktəblərində Azərbaycandan olan 12843 tələbə təhsil alıb. Onlardan 1140 nəfəri Rusiya Federasiyası büdcəsi hesabına, qalanları isə şəxsi vəsaitləri hesabına təhsil alıblar. Dövlət təhsil müəssisələrində 9835 tələbə, qeyri-dövlət müəssisələrdə 3008 tələbə oxuyub. 

Əksəriyyət - 7466 nəfər qiyabi, 4997 tələbə əyani, 255 nəfər isə qiyabi-əyani təhsil formasını seçiblər, 125 nəfər isə - ekstern təhsilə üstünlük veriblər.

Azərbaycan Rusiya ali məktəbində təhsil alan tələbələrin sayına görə MDB ölkələri arasında 5-ci yeri tutur. Rusiyaya oxumaq üçün ən çox tələbə Qazaxıstan, Belarus, Türkmənistan və Özbəkistandan gəlir.

Son xəbərlər

Orphus sistemi