Azərbaycanda kosmik müşahidələrdən elmi məqsədlər üçün istifadə ediləcək

Azərbaycanda kosmik müşahidələrdən elmi məqsədlər üçün istifadə ediləcək AMEA ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb
Elm və təhsil
17 Sentyabr , 2016 12:30
Azərbaycanda kosmik müşahidələrdən elmi məqsədlər üçün istifadə ediləcək

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında kosmik məsafədən müşahidə peyk xidmətləri sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

Bu barədə “Report”a AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tərəflər Azərbaycan ərazisinin kosmik müşahidəsi nəticəsində elmi məqsədlər üçün peyk təsvirlərinin əldə olunması istiqamətində müasir texnologiyalardan geniş istifadə edilməsi məqsədilə əməkdaşlıq edəcəklər.

Sənəddə Azərbaycana məxsus süni peyklərin təhlükəsizliyi baxımından tələb olunan proqnoz xarakterli hesablama işlərinin yerinə yetirilməsi, nanopeyklərdə astrofiziki eksperimentlərin həyata keçirilməsi, kosmik təsvirlərin əsasında təhlükəli endogen geoloji proseslərin, palçıq vulkanı aktivliyinin, ekoloji şəraitin və digər proseslərin öyrənilməsi və monitorinqinə dair məsələlər yer alır.

Bundan başqa, Memorandumda Azərbaycanın flora, fauna və torpaq örtüyü biomüxtəlifliyinin, eyni zamanda ərazinin geologiyasının öyrənilməsi, genofondun qorunması və səmərəli istifadəsi ilə bağlı layihələrdə kosmik təsvirlərin tətbiq edilməsi, ekzogen geoloji proseslərin, geoekoloji və faydalı qazıntıların istifadəsinin monitorinqi sahəsində əməkdaşlıq haqqında müddəalar öz əksini tapır.

Qeyd edək ki, ümumilikdə tərəflər arasında prioritet sahələrdə qurulmuş əməkdaşlığı və birgə elmi fəaliyyəti genişləndirəcək bu Memorandum gələcəkdə Azərbaycan ərazisində ekoloji və geoloji təhlükələr haqqında yeni məlumatların əldə edilməsi və monitorinqinə, eləcə də faydalı qazıntıların axtarışına, Xəzərin səviyyəsinin və səhralaşma proseslərinin öyrənilməsinə imkan yaradacaq.

Son xəbərlər

Orphus sistemi