Azərbaycanda ərəb və monqol işğallarının miqyasını öyrənməyə imkan verən arxeoloji qazıntılar aparılır

Azərbaycanda ərəb və monqol işğallarının miqyasını öyrənməyə imkan verən arxeoloji qazıntılar aparılır Tədqiqatların aparıldığı məhəllədə monqol işğalından sonra tələm-tələsik aparılan bərpa izləri aydın nəzərə çarpır
Elm və təhsil
23 Sentyabr , 2015 20:58
Azərbaycanda ərəb və monqol işğallarının miqyasını öyrənməyə imkan verən arxeoloji qazıntılar aparılır

Bakı. 23 sentyabr. REPORT.AZ/ Xaraba-Gilan antik və orta əsr şəhər yerində builki arxeoloji tədqiqatlar şəhərin nisbətən salamat qalan I məhəlləsində başlanılıb. Bu barədə "Report"a AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, indiyədək şəhər yerində aparılan arxeoloji qazıntılar yalnız dini və ictimai tikililəri əhatə edib, şəhərin əsas məhəllələri və Narınqala demək olar ki, tədqiq olunmayıb.

Builki arxeoloji tədqiqatların aparıldığı I məhəlləsində şəhərin əsas məhəlləsi olmaqla, Narınqalanın giriş qapısına yaxındır. Məhəllədə əhənkövrədən istifadə etməklə tikilmiş fundamental binalar var. Qazıntı da belə binalardan birinin yanında aparılıb. Məhəllənin müdafiə divarının bir hissəsi və üç otaq aşkar edilib. Müdafiə divarı iki metr enində olub, çəkisi tona qədər, bəzilərinin çəkisi isə bir neçə ton olan daşlarla inşa edilib. Otaqlarda monqol işğalından sonra tələm-tələsik aparılan bərpa izləri aydın nəzərə çarpır. Müdafiə divarının uçulmuş daşları da yerinə qoyulmayıb.

Əldə edilən şirli və şirsiz gil qablar, hətta qazan və tavalar da mis və dəmir məftillərlə, təsərrüfat küpləri isə əhənglə təmir olunub. Tapılan mis sikkələrin əksəriyyəti Hülakülər dövrünə, yalnız birinci otaqdan, döşəmənin altından tapılmış bir ədəd mis sikkə isə Səlcuqlar dövrünə aiddir. Bütün bunlar onu göstərir ki, monqolların hücümü ilə dağıdılan şəhər bərpa olunmasa da, dulusçuluq istehsalı dayansa da, burada yaşayış XIII əsrin sonlarına qədər davam edib. Xaraba-Gilan şəhər yerinin müdafiə divarı ilə əhatə olunmuş əsas məhəlləsinin qazıntıları, buranın bütünlüklə açılması şəhərin yaranması və inkişaf mərhələlərini dəqiqləşdirməyə, bir-birini əvəz edən antik (Parfiya), ilk orta əsrlər (Sasani) və orta əsrlər (Səlcuq) memarlığını, həmçinin, ərəb və monqol işğallarının miqyasını öyrənməyə imkan verəcək. Bu, Naxçıvan, bütövlükdə isə Azərbaycan şəhərlərinin yaranması və inkişafı problemlərinin tədqiqi üçün çox əhəmiyyətlidir.

Son xəbərlər

Orphus sistemi