Azərbaycanda 22 tələbəyə təhsil krediti verilib

Azərbaycanda 22 tələbəyə təhsil krediti verilib Mikayıl Cabbarov: "Azərbaycanda təhsil kreditlərinin tətbiqi tələbələrin təhsil haqqının ödənilməsində yaranan çətinliklərini aradan qaldıracaq”
Elm və təhsil
30 İyun , 2016 15:11
Azərbaycanda 22 tələbəyə təhsil krediti verilib

Bakı. 30 iyun. REPORT.AZ/ Təhsil Nazirliyində Maarifçi Tələbə Kredit Fondunun ilk kreditlərini alan tələbələrə sertifikatların təqdim olunması mərasimi keçirilib. 

"Report"un məlumatına görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Maarifçi Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud, ali təhsil müəssisələrinin rəhbərləri və tələbələr iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, nazirliyin təşəbbüsü ilə yaradılan Maarifçi Tələbə Kredit Fondunun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır: "Hər il 33 % tələbə ali məktəblərdə dövlət hesabına təhsil almaq hüququ qazanır. Ali təhsilə olan maraq dəstəklənməlidir. Bəzi tələbələr öz təhsillərini əldə etdiyi dövrdə ailələrinin sosial-iqtisadi vəziyyəti dəyişə bilər, təhsil haqlarının ödənməsində müəyyən problemlər ortaya çıxa bilər. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da təhsil kreditlərinin tətbiqi tələbələrin təhsil haqqının ödənilməsində yaranan çətinliklərini aradan qaldıracaq”.

Maarifçi Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud yekun statistika ilə bağlı məlumat verərək qeyd edib ki, tələbələr və valideynlərdən 300-dən çoxu fondun saytına daxil olaraq kredit almaqla bağlı maraqlanıblar: "Hər biri ilə danşıqlar aparılıb. Lakin fondun qoyduğu şərtlər çərçivəsində 55 müraciətə baxılıb. Tələbələrdən isə ümumi sayda fondun meyarlarına cavab verən 22 müqavilə imzalanıb. Təqdim olunan standart və güzəştli kredit paketləri üzrə 10-u standart, 12-si isə güzəştli olub. Mənfi cavab alan tələbələr iki qrupa bölünüb. Bunlar akademik göstəricisi 71-dən aşağı olanlar olub ki, bu say da 10 olub. Sonrakı illər üçün müraciətlərin sayı isə 13 olub. Eləcə də valideynlərinin kredit tarixçələrində olan sənədləşmə uyğunsuzluğu olanlardır. Bu kateqoriyadan olanların sayı isə 8 nəfərdir". O, həmçinin əlavə edib ki, kredit almaqla bağlı maraq çox olub: "Belə ki, Lənkəran Dövlət Universitetindən artıq yazılı şəkildə müraciət olunub. Eyni zamanda, tələbələrdən də qoyulan bəzi şərtlərin sadələşdirilməsi üçün təkliflər olub. Bütün təkliflərə fondun növbəti şura iclaslarında baxılacaq".

Sonra təhsil naziri Maarifçi Tələbə Kredit Fondunun ilk təhsil krediti ayırdığı bir qrup tələbəyə müvafiq setifikatları təqdim edib.

Xatırladaq ki, kreditin maksimum faiz dərəcəsi 8%-dir. Tələbə universiteti bitirəndən sonra onlara 1 il də güzəşt verilir. Növbəti ildən isə 10 il müddətində krediti qaytarmalı olacaqlar. Fondun maliyyə əməliyyatlarını həyata keçirən agent bank "Kapital Bank" seçilib. Bir tələbə 1 il üçün maksimum 4 000 manat məbləğində şərti qaydada kredit ala bilər. Tələbələr üçün standart və güzəştli paketlər olacaq. Belə ki, standrat paketlərdə 8%-lik kredit dərəcəsi nəzərdə tutulur. Güzəştli paketlərdə isə 6%-lik kredit dərəcəsi müəyyənləşdirilib. Güzəştli paketlərdən ailə başçısını itirmiş, sağlamlıq imkanı məhdud olanlar tələbələr yararlana biləcəklər. Tələbələr kredit almaq üçün hər il mütləq müraciət etməlidirlər. I kurs tələbələri kredit üçün müraciət edə bilməzlər. Çünki onların il ərzində heç bir akademik göstəricisi qiymətləndirilməyib. Tələbələr II kursdan kredit üçün müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi